225 Arxiv
Xəbərlər

Geri

İsmayıllıda yerli alma sortlarının əkilməsi stimullaşdırılacaq 17.02.2012 / Konfranslar, iclaslar

qtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 17-də İsmayıllı rayonunun Cülyan kəndində keçirmişdir. Tədbirdə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 150-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş İsmayıllı rayonunda "Eviar" MMC-nin müasir çörək istehsalı müəssisəsində aparılan son tamamlama işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində İsmayıllı rayonunda, o cümlədən tədbirin keçirildiyi Cülyan kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta əraziyə malik intensiv alma bağlarının salınması, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının, tutumu 500 ton olan müasir soyuducu anbar kompleksinin, 500 başlıq südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Bununla yanaşı, kiçik həcmli üzümçülük təsərrüfatının yaradılması və kiçik əraziyə malik intensiv alma bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına verdiyi önəmin, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsində istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində dəyişikliklər davam edir, regionların siması günü-gündən dəyişir və müasirləşir. Qeyd edilmişdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı hər iki dövlət proqramı ölkənin bütün regionları kimi, İsmayıllı rayonunun da inkişafına təkan vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov çıxışlarında həyata keçirilən Dövlət Proqramları çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə, o cümlədən İsmayıllı rayonu üzrə əsaslı işlər görüldüyünü, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektlərinin yaradıldığını, yeni iş yerlərinin açıldığını vurğulamışlar. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dağlıq Şirvan iqtisadi rayonunda, o cümlədən İsmayıllı rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 241 investisiya layihəsinin maliyyələşdirilməsinə 30,7 milyon manat, o cümlədən respublikanın regionları üzrə 217 investisiya layihəsinin maliyyələşdirilməsinə 26 milyon manat və Bakı qəsəbələri üzrə 24 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,7 milyon manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 950-dək yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılmış, bu il artıq 3 investisiya layihəsi maliyyələşdirilmişdir. Sonra Şirzad Abdullayev sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərinin ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.