221 Arxiv
Xəbərlər

Geri

Salyanda sahibkarlara güzəştli kreditlər verilmişdir. Üzümçülüyün inkişafına güzəştli kreditlərin verilməsinə başlanmışdır 10.02.2012 / Konfranslar, iclaslar

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 10-da Salyan rayonunun Qardili kəndində keçirmişdir. Tədbirdə Salyan və ətraf rayonlardan olan 100-dək sahibkar iştirak etmişlər.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Salyan rayonunda "Ələddin Fermer" MMC-nin üzüm qurusu istehsalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində Salyan rayonunda, o cümlədən tədbirin keçirildiyi Qardili kəndində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan üzümçülük təsərrüfatlarının, müasir heyvandarlıq kompleksinin, müasir çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Bununla yanaşı, kiçik həcmli üzümçülük təsərrüfatının yaradılması üzrə investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi Salyan rayonunda da tikinti-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, həmçinin rayonda həyata keçiriləcək işlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov özəl bölmənin inkişafına dövlət qayğısı, sahibkarlığa dövlət dəstəyi mexanizmləri, qazanılmış uğurlar barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən 2012-ci ildə sahibkarlıq subyektlərinə 200 milyon manat güzəştli kreditin veriləcəyini bildirmiş, ilin əvvəlindən ötən dövr ərzində sahibkarlıq subyektlərinin 184 investisiya layihəsinin maliyyələşdirilməsinə 30 milyon manat güzəştli kreditin verildiyini, bu layihələrin reallaşması nəticəsində 850-dək yeni iş yerinin yaradılacağını diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinin intensiv üzümçülük təsərrüfatlarının yaradılmasına dair investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılmış, bu il artıq 3 investisiya layihəsi maliyyələşdirilmişdir. Şirzad Abdullayev sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən 31 sahibkarlıq subyektinə 7,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 190-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərinin ölkənin digər regionlarında da keçirilməsi nəzərdə tutulur.