242 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində güzəştli kreditlərin verilməsi davam edir 31.01.2012 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini yanvarın 31-də Qaradağ rayonunun Ələt qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Qaradağ rayonunun Sahil qəsəbəsində "Azəri" firmasına məxsus illik istehsal gücü 24 min ton olan metal konstruksiya istehsalı zavodunda aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.
Tədbirdə Qaradağ rayonunun, o cümlədən Ələt qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir istixana kompleksinin, eləcə də kiçik istixana təsərrüfatlarının, ət kəsimi müəssisəsinin yaradılması və ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir istehsalı üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanmış, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, 2011-ci ildə Bakı qəsəbələrində sahibkarlıq subyektlərinin 210 investisiya layihəsinin maliyyələşdirilməsinə 35 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 27 investisiya layihəsinin maliyyələşdirilməsinə 32,4 milyon manat və 183 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2,6 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması nəticəsində 1500-ə yaxın yeni iş yeri yaradılacaqdır. 2011-ci il ərzində verilmiş güzəştli kreditlərin 25%-i Bakı qəsəbələrinin payına düşmüşdür. 2012-ci ildə isə bu göstərici əhəmiyyətli dərəcədə artırılacaqdır.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara 4,1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən  ət emalı müəssisəsinin, müasir quşçuluq təsərrüfatının və çörək istehsalı müəssisəsinin yaradılmasına yönəldiləcəkdir. Bu layihələrin reallaşması hesabına 130-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdiriləcəkdir.