215 Arxiv
Xəbərlər

Geri

2012-ci ildə ilk güzəştli kreditlər məcburi köçkünlərə verilmişdir 24.01.2012 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2012-ci ildə ilk tədbirini yanvarın 24-də Xocavənd rayonunda keçirmişdir. Tədbirdə Xocavənd və Qarabağın işğal altında olan digər rayonlarından 130-a yaxın məcburi köçkün iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Beyləqan rayonunun Şəfəq qəsəbəsində "Əkinçi-BO fermer təsərrüfatı" MMC tərəfindən inşa olunan soyuducu anbar kompleksinin fəaliyyətinə və "Bərdə yağ-pendir Azqida" MMC-nin illik emal gücü 6 min ton olan süd emalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbirdə Xocavənd qəsəbəsində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin, tikiş sexinin və tamet (plitə daşları) istehsalı sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, bu layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələrin nümunələri, digər metodiki materiallar paylanmışdır.

Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmiş, onların sosial rifah halının daim yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sahibkarlığın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2011-ci ildə Fondun fəaliyyətinin yekunları, güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, ötən il Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat, o cümlədən 162 məcburi köçkün sahibkara 5,9 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin həyata keçirilməsi 6500-dək yeni iş yerinin yaradılmasına imkan verir.

Şirzad Abdullayev həmçinin, 2012-ci ildə qarşıda duran əsas vəzifələrdən bəhs etmiş, bu il sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə Fondun tarixində ilk dəfə olaraq maksimal məbləğdə 200 milyon manat vəsaitin verilməsi proqnozlaşdırılır. Bu vəsaitin yönəldiləcəyi prioritet sahələr və əsas hədəflər barədə tədbir iştirakçılarına məlumat verilmiş,sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 49 sahibkara 459 min manat, o cümlədən Xocavənd və işğal edilmiş digər rayonlardan olan 38 məcburi köçkün sahibkara 332 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabınada 70-ə yaxın yeni iş yeri yaradılacaqdır. “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri digər rayonlarda da davam etdiriləcəkdir.