228 Arxiv
Xəbərlər

Geri

İqtisadi İnkişaf Nazirliyində milli, mənəvi və mədəni dəyərlərimizin təbliğinə həsr olunmuş tədbir keçirilmişdir 17.01.2012 / Konfranslar, iclaslar

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu günü-gündən artır.

Son dövrlər ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının, elmi-praktik konfransların yüksək səviyyədə keçirilməsi ölkəmizə gələn xarici qonaqların zəngin milli, mənəvi və mədəni dəyərlərimizlə yaxından tanış olması üçün əlverişli şərait yaratmışdır. Odur ki, Azərbaycana gələn turistlərin ildən-ilə artması zəngin irsimizin təbliği sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsini dövrün əsas tələblərindən birinə çevirmişdir.

Məlum olduğu kimi, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan "Eurovision-2012" mahnı müsabiqəsi bu ilin may ayında Bakıda keçiriləcəkdir. "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 19 may 2011-ci il tarixli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Yanvarın 17-də dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkəmizin milli, mənəvi və mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliğinin stimullaşdırılmasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın zəngin milli, mənəvi və mədəni dəyərlərinin öyrənilməsi, təbliği və nümayiş etdirilməsi sahəsində çalışan mütəxəssislər, sənətkarlar və iş adamları iştirak etmişlər.

Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov beynəlxalq aləmdə Azərbaycana olan marağın artdığını, ölkəmizin dünya miqyaslı tədbirlərin keçirilməsi üçün məkana çevrildiyini, xarici qonaqların xalqımızın tarixi, adət-ənənələri, mədəni irsi, tarixi abidələri ilə daha yaxından tanış olmaq imkanlarının genişləndiyini vurğulamış, bununla əlaqədar Nazirliyin gördüyü işlər və qarşıda duran əsas vəzifələr barədə məlumat vermişdir.

Bildirilmişdir ki, milli, mənəvi və mədəni dəyərlərimizi özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dairsahibkarlıq subyektlərindən təkliflərin qəbulu ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvafiq elan verilmişdir.

Bu elan barədə ötən il "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" və "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərində geniş məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır. Eyni zamanda, dulusçuluğun inkişafı, toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatları keçirilmişdir.

Artıq Fond tərəfindən xalçaçılıq, tikişçilik və toxuculuğun inkişafı ilə bağlı 8 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 128 min manat güzəştli kredit verilmişdir.

Tədbirdə suvenir və xatirə əşyalarının satışının təşviqi məqsədi ilə Bakının müxtəlif yerlərində satış mərkəzlərinin təşkili, turistlərə təqdim olunan məlumat bazasına həmin satış mərkəzlərinin ünvanlarının daxil edilməsi barədə müzakirələr aparılmışdır. Həmçinin, Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini yüksək zövq və müasir dizaynla əks etdirən suvenir və xatirə əşyalarının istehsalı və qablaşdırılmasını həyata keçirən, o cümlədən dizayn xidmətləri göstərən sahibkarlıq subyektlərinə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi barədə geniş fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.