Geri
2011-ci ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti tarixində ilk dəfə olaraq daha çox - 138 milyon manat güzəştli kredit verilmiş, 1643 sahibkar bu imkandan yararlanmışdır. Verilmiş kreditlərin 25%-ni dövlət büdcəsindən ayırmalar, 75%-ni isə geri qaytarılan vəsaitlər təşkil etmişdir. Güzəştli qaydada maliyyəşdirilən investisiya layihələrinin 75%-i regionların, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Bu investisiya layihələrinin reallaşması 6500-dək yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.
2011-ci ildə Sahibkarlığa Kömək Fondu tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan 162 məcburi köçkünə 5,9 milyon manat güzəştli kredit ayrılmışdır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən il verilmiş güzəştli kreditlərin 118 milyon manatı yeni texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur layihəsinin icrasına yönəldilmişdir. Güzəştli kreditlərdən istifadə olunmaqla, 2011-ci ildə 33 infrastruktur, istehsal və emal müəssisəsi fəaliyyətə başlamışdır. Bu il daha 96 belə müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur.
2011-ci ildə ölkənin regionlarında və Bakı qəsəbələrində 7 minədək sahibkarın iştirakı ilə təşkil edilmiş 34 tədbirdə güzəştli kreditlərin verilməsi ilə yanaşı, maarifləndirici treninqlər, nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Ümumilikdə, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 12,5 mindən çox sahibkara 720 milyon manatadək güzəştli kredit verilmişdir. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin icrası 95 min yeni iş yerinin açılmasına imkan yaradır.