221 Arxiv
Xəbərlər

Geri

Sahibkarlığa Kömək Milli Fondu 2011-ci ildə sahibkarlara 138 milyon manat güzəştli kreditlər vermişdir 28.12.2011 / Konfranslar, iclaslar

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda 2011-ci ilin son tədbirini dekabrın 28-də Qazax rayonunun I Şıxlı kəndində keçirmişdir. Tədbirdə Qazax və ətraf rayonlardan olan 100-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Qazax şəhərindəki illik istehsal gücü 21,5 min ton konserv məhsulları olan "Qazax Konserv Zavodu" ASC-də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidentinin ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bütün regionlarda olduğu kimi Qazaxda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, hazırda rayonda həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev məqsədli dövlət proqramları çərçivəsində regionda görülən işlər, sahibkarlığın inkişafına dövlət dəstəyinin istiqamətləri və həyata keçirilən tədbirlər barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Qazax rayonunda həyata keçirilən layihələr, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində Fond tərəfindən görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, 2011-ci il ərzində Gəncə-Qazax iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 296 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 9 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,8 milyon manat və 287 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 950 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.

Ümumilikdə, 2011-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 1643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.

Tədbir çərçivəsində Qazax rayonunun, o cümlədən I Şıxlı kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kartof və soğan saxlanılması üçün ümumi tutumu 5 min ton olan müasir soyuducu anbar kompleksinin və illik emal gücü 5 min ton olan üzüm emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Həmçinin, intensiv üzümçülük və kartofçuluq (və ya kartof toxumçuluğu) təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmişdir. Sonra sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qazax və ətraf rayonlarda fəaliyyət göstərən 41 sahibkarlıq subyektinə 551 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri 2012-ci ildə də davam etdiriləcəkdir.