218 Arxiv
Xəbərlər

Geri

2011-ci ildə Bakı qəsəbələrində sahibkarlara 35 milyon manata yaxın güzəştli kredit verilmişdir 15.12.2011 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu ilin sonuncu tədbirini dekabrın 15-də Xətai rayonunun Əhmədli qəsəbəsində keçirmişdir. Tədbirdə 180-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilən Əhmədli qəsəbəsində "NEV" MMC-nin illik istehsal gücü 5400 ton olan müasir çörək istehsalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

"Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidentinin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2011-ci ilin ötən dövründə sahibkarlıq subyektlərinin 1626 investisiya layihəsinin maliyyələşdirilməsinə 135,8 milyon manat güzəştli kreditin verildiyini, bu layihələrin reallaşdırılmasının 6300-ə yaxın yeni iş yerinin açılmasına imkan yaratdığını bildirmişdir. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Bakı qəsəbələri üzrə sahibkarlıq subyektlərinin 200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 35 milyon manata yaxın, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 27 investisiya layihəsinin maliyyələşdirilməsinə 32,5 milyon manat və 180-dən çox digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1450-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2011-ci ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlərin 25,8%-i Bakı qəsəbələrinin payına düşmüşdür.

Tədbir çərçivəsində Xətai rayonunun, o cümlədən tədbirin keçirildiyi Əhmədli qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan gündəlik istehsal gücü 10 ton olan müasir çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, sahibkarların istəyinə uyğun olaraq, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Tədbir çərçivəsində sahibkarlara nümunəvi investisiya layihələri, digər metodiki materiallar paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkarlıq subyektinə 5,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 180-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri 2012-ci ildə də davam etdiriləcəkdir.