229 Arxiv
Xəbərlər

Geri

Məcburi köçkünlərə güzəştli kreditlərin verilməsi davam etdirilir 02.12.2011 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini dekabrın 2-də məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunun 4 saylı qəsəbəsində keçirmişdir. Tədbirdə Cəbrayıl və işğal altında olan digər rayonlardan olan 300-dək məcburi köçkün iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Biləsuvar rayonun Səmədabad kəndində illik istehsal gücü 1800 ton quş əti olan "Biləsuvar Quşçuluq" ASC-də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində məcburi köçkünlər üçün maarifləndirici treninq keçirilmiş, güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması barədə məlumat verilmiş, sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası barədə broşur və digər maarifləndirici materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev ölkəmizin sürətlə inkişaf etdiyini, məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu qeyd etmiş, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daim yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdir müavini İlham Qəribov çıxışlarında sahibkarlığın inkişafına dövlət dəstəyinin istiqamətləri, bu sahədə görülmüş işlər və həyata keçiriləcək tədbirlər barədə danışmışlar.

 

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1591 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,8 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 6000-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur. Qeyd edilmişdir ki, 2011-ci ilin ötən dövrü ərzində məcburi köçkünlərin 161 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,9 milyon manat güzəştli kredit verilmişdir ki, bu layihələrin reallaşdırılması 320-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

Tədbir çərçivəsində məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunun 4 saylı qəsəbəsində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik quşçuluq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin yaradılması, un

dəyirmanının tikilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmişdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Cəbrayıl rayonu və işğal altında olan digər rayonlardan olan  39 məcburi köçkün sahibkara 347 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Güzəştli qaydada maliyyələşdirilən layihələrin reallaşdırılması məcburi köçkünlərin məşğulluğunun artırılmasında əhəmiyyətli olacaqdır.