207 Arxiv
Xəbərlər

Geri

Kiçik investisiya layihələrinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilir 25.11.2011 / Konfranslar, iclaslar

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini noyabrın 25-də Quba rayonunun Ağbil kəndində keçirmişdir. Tədbirdə 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş "D.Fruits KT" MMC-nin Quba rayonunun Vladimirovka kəndində tutumu 4200 ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə, Vladimirovka və Dəlləkli kəndlərində intensiv meyvə bağlarının salındığı 60 hektar ərazidə aparılan işlərə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün maarifləndirici treninq keçirilmiş, güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması barədə məlumat verilmiş, sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası barədə broşur və digər materiallar paylanmışdır.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov Azərbaycan Respublikasının Prezidentinin ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Qubada da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, həmçinin rayonda həyata keçiriləcək tədbirlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Quba-Xaçmaz regional bölməsinin müdiri Mətləb Cəfərov məqsədli dövlət proqramları çərçivəsində regionda görülən və görüləcək işlər barədə danışmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında" 13 oktyabr 2011-ci il tarixli Fərmanı ilə Fondun qaydalarında edilmiş dəyişikliklər, həmçinin güzəştli kreditlər hesabına Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd edilmişdir ki, 2011-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1506 investisiya layihəsinin maliyyələşdirilməsinə 123,9 milyon manat güzəştli kredit verilmişdir ki, bu layihələrin reallaşdırılması 5700-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Bu ilin ötən dövründə Quba-Xaçmaz iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 97 investisiya layihəsinin maliyyələşdirilməsinə 12,8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin (2 soyuducu anbar kompleksi, 3 intensiv bağçılıq təsərrüfatı, 1 ətlik istiqamətli quşçuluq təsərrüfatı və 1 quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə layihələrin) maliyyələşdirilməsinə 11,5 milyon manat və 90 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 360-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Şirzad Abdullayev son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, ölkəmizə gələn turistlərin ildən-ilə artdığını nəzərə alaraq, Fondun sahibkarlıq subyektlərindən ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenirlərin və xatirə əşyalarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başladığını bildirmiş, sahibkarları bu sahədə fəal iştiraka dəvət etmişdir.

Tədbir çərçivəsində Quba rayonunun, o cümlədən tədbirin keçirildiyi Ağbil kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan  illik istehsal həcmi 50 min ton olan meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması, intensiv alma bağının salınması, ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən müxtəlif suvenirlərin və xatirə əşyalarının istehsalı üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmişdir.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Quba və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 419 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri bundan sonra da region kəndlərində davam etdirələcəkdir.