220 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir 18.11.2011 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini noyabrın 18-də Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirmişdir. Tədbirdə 180-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi dövlətin güzəştli kreditləri hesabına reallaşdırılan Binə qəsəbəsində illik gücü 4 min ton quş əti istehsalı olan "Abşeron" müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.

Sonra "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir öz işinə başlamışdır. Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidentinin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı şəhərinin qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat vermişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2011-ci ilin ötən dövründə sahibkarlıq subyektlərinin 1473 investisiya layihəsinin maliyyələşdirilməsinə 122,7 milyon manat güzəştli kreditin verildiyini, bu layihələrin reallaşdırılmasının 5700-dən çox yeni iş yerinin açılmasına imkan yaratdığını bildirmişdir. Qeyd edilmişdir ki, bu ilin ötən dövrü ərzində Bakı qəsəbələri üzrə sahibkarlıq subyektlərinin 192 investisiya layihəsinin maliyyələşdirilməsinə 30,6 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 23 investisiya layihəsinin maliyyələşdirilməsinə 28,4 milyon manat və 169 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 2,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 1300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Şirzad Abdullayev son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, ölkəmizə gələn turistlərin ildən-ilə artdığını, eləcə də "Eurovizion-2012" mahnı müsabiqəsinin gələn il Bakıda təşkil olunacağını nəzərə alaraq, Fondun sahibkarlıq subyektlərindən ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenirlərin və xatirə əşyalarının istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başladığını bildirmiş, sahibkarları bu sahədə fəal iştiraka dəvət etmişdir.

Tədbirdə Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Əmircan qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatlarının, gündəlik istehsal gücü 5 ton olan müasir çörək istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Həmçinin, kiçik həcmli istixana təsərrüfatlarının, kiçik və ya orta həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, sahibkarların istəyinə uyğun olaraq, belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər. Tədbir çərçivəsində sahibkarlara nümunəvi investisiya layihələri, digər metodiki materiallar paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 810 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sahibkarlığa Kömək Milli Fondunun "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri bundan sonra da Bakı qəsəbələrində davam etdiriləcəkdir.