215 Arxiv
Xəbərlər

Geri

Region kəndlərində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir . 04.11.2011 / Konfranslar, iclaslar

 

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini noyabrın 4-də Cəlilabad rayonunun Qarazəncir kəndində keçirmişdir. Tədbirdə 100-ə yaxın fermer iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Cəlilabad şəhərində "Cavid-Ş" MMC-nin tutumu 2 min ton olan müasir soyuducu və "Avanqard" MMC-nin tutumu 10 min ton olan taxıl anbarı komplekslərinin fəaliyyətinə baxış keçirilmişdir.

Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" öz işinə başlamışdır.

Əvvəlcə, sahibkarlar üçün maarifləndirici treninq keçirilmiş, güzəştli kreditlərin verilməsi mexanizmi izah olunmuş, o cümlədən investisiya layihələrinin hazırlanması və təqdim olunması barədə məlumat verilmişdir. Tədbirdə Fondun internet saytı barədə ətraflı məlumat verilmiş, kreditlərin verilməsi qaydası barədə broşur və digər materiallar paylanmışdır.

Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iqtisadi sahədə Cəlilabad rayonunda görülən işlər, o cümlədən perspektivdə həyata keçiriləcək layihələr barədə  tədbir iştirakçılarını məlumatlandırmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov məqsədli dövlət proqramları çərçivəsində regionda görülən işlər, sahibkarlığın inkişafına dövlət dəstəyinin istiqamətləri və həyata keçirilən tədbirlər barədə çıxış etmişlər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında" 13 oktyabr 2011-ci il tarixli Fərmanı ilə Fondun Qaydalarında edilmiş dəyişilliklər barədə, həmçinin güzəştli kreditlər hesabına Lənkəran iqtisadi rayonunda, o cümlədən Cəlilabad rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Qeyd edilmişdir ki, Lənkəran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 91 investisiya layihəsinin maliyyələşdirilməsinə 3,5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 4 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,4 milyon manat və 87 digər investisiya layihəsinin maliyyələşdirilməsinə 1,1 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 460-dan çox yeni iş yerinin yaradılması mümkün olacaqdır. Sonra sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə  Cəlilabad rayonunun, o cümlədən Qarazəncir kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan dörd istiqamətdə - intensiv üzümçülük, kartofçuluq (və ya kartof toxumçuluğu) təsərrüfatlarının, kiçik və orta həcmli çiyələk emalı müəssisələrinin yaradılması və taxıl əkini üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Sahibkarların nəzərinə çatdırılmışdır ki, qeyd olunan sahələr üzrə nümunəvi investisiya layihələrini Fondan əldə edə bilərlər və onların istəyinə uyğun olaraq layihələrin dəyərinin 100%-i güzəştli kredit hesabına maliyyələşdirilə bilər.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Cəlilabad və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 379 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumiyyətlə 2011-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1457 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,8 milyon manat güzəştli kredit verilmişdir.  Bu kreditlər hesabına icra olunan layihələrin reallaşması 5600-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri bundan sonra da region kəndlərində davam etdirələcəkdir.