222 Arxiv
Xəbərlər

Geri

"Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri kənd yerlərində keçirilir 28.10.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını sürətləndirmək, regionlarda sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlərini davam etdirir.

Növbəti bu cür tədbir oktyabrın 28-də Saatlı rayonunun Qıraqlı kəndində keçirilmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit almış "NJT-2000" firmasına məxsus, Saatlı rayonunun Gomuşçu kəndində yerləşən tutumu 2 min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbirdə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin digər rayonları kimi, Saatlının da sosial-iqtisadi mənzərəsinin dəyişdiyini qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, rayonda yeni istehsal, emal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir. Siracəddin Cabbarov perspektivdə həyata keçiriləcək işlər barədə də tədbir iştirakçılarını məlumatlandırmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov icrası uğurla davam etdirilən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində iqtisadi regionda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında" 13 oktyabr 2011-ci il tarixli Fərmanı ilə güzəştli kreditlərin daha səmərəli istifadə olunması məqsədilə Fondun Qaydalarına edilmiş dəyişikliklər barədə, həmçinin güzəştli kreditlər hesabına Aran iqtisadi rayonunda, o cümlədən Saatlı rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermiş, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Qeyd edilmişdir ki, məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədi ilə 2011-ci ilin ötən dövrü ərzində müvəkkil kredit təşkilatları vasitəsilə respublika üzrə sahibkarlıq subyektlərinin 1404 investisiya layihəsinin maliyyələşdirilməsinə 120.3 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 71 böyük və iri həcmli investisiya layihəsinin (8 müasir çörək istehsalının, 13 soyuducu anbar kompleksinin, 1 taxıl anbarı kompleksinin, südlük istiqamətli 3 cins heyvandarlıq kompleksinin, 10 müasir istixana kompleksinin, 2 süd emalı müəssisəsinin, 12 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi) müəssisəsinin, 3 meyvə-tərəvəz emalı, 1 quru meyvə istehsalı, 1 tikinti materiallarının istehsalı, 6 kənd təsərrüfatı məhsulları istehsalı (intensiv bağçılıq), 3 turizm müəssisəsinin, 1 qida yağlarının istehsalı müəssisəsinin, 1 kağız və karton istehsalı müəssisəsinin, 1 mebel istehsalı müəssisəsinin, 1 şokolad istehsalı müəssisəsinin və 1 parça istehsalı müəssisəsinin) maliyyələşdirilməsinə 101.6 milyon manat və 1333 digər  investisiya layihəsinin maliyyələşdirilməsinə 18.7 milyon manat güzəştli kredit vermişdir. Maliyyələşdirilən investisiya layihələrinin reallaşması 5500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

Aran iqtisadi rayonu üzrə 2011-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin 589 investisiya layihəsinin maliyyələşdirilməsinə 35.8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 19 böyük və iri həcmli investisiya layihəsinin (1 müasir çörək istehsalı müəssisəsinin, 3 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 1 müasir istixana kompleksinin, 1 süd emalı müəssisəsinin, 6 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), 1 tikinti materiallarının istehsalı və  2 kənd təsərrüfatı məhsulları istehsalı (intensiv bağçılıq) müəssisəsinin) maliyyələşdirilməsinə 29.3 milyon manat və 550 digər  investisiya layihəsinin maliyyələşdirilməsinə 6.5 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 1700-dən çox yeni iş yerinin yaradılması  nəzərdə tutulur.

Tədbir çərçivəsində Saatlı rayonunun mövcud iqtisadi potensialının reallaşdırılması istiqamətində iş adamlarının təklif və ehtiyacları nəzərə alınmaqla kiçik və orta həcmli emal müəssisələrinin yaradılması məqsədi ilə sahibkarlarla müzakirələr aparılmışdır. İş adamlarına Fondun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi mexanizmi izah olunmuş, o cümlədən investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmişdir.

Treninqdə Saatlı rayonunun, o cümlədən tədbirin keçirildiyi Qıraqlı kəndinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan üç istiqamətdə: taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının salınması, kiçik həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Sahibkarların nəzərinə çatdırılmışdır ki, qeyd olunan sahələr üzrə ümumi investisiya layihələrinin Fondan əldə edə bilərlər və onların istəyinə uyğun olaraq layihələrin dəyərinin 100%-i güzəştli kredit hesabına maliyyələşdirilə bilər. Tədbirdə Fondun internet saytı barədə ətraflı məlumat verilmiş, kreditlərin verilməsi qaydası barədə broşur və digər materiallar paylanmışdır.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 395 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərini bundan sonra da davam etdirəcəkdir.