230 Arxiv
Xəbərlər

Geri

Məcburi köçkünlərə güzəştli kreditlər verilmişdir 08.10.2011 / Konfranslar, iclaslar


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini oktyabrın 7-də Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçirmişdir. Tədbirdə Laçın və erməni işğalı altında olan digər rayonlarından olan 200-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Ağcabədi rayonundakı "Atropatena" QSC-nin illik istehsal gücü 7,6 min ton süd olan 1000 başlıq cins iribuynuzlu müasir heyvandarlıq kompleksində, "Aqro-MTS" MMC-nin illik istehsal gücü 18 min ton olan ət kəsimi fabrikində və "Fidan" müəssisəsinin tutumu 5 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə məcburi köçkünlərin məskunlaşdığı ərazinin iqtisadi potensialına uyğun olaraq kiçik həcmli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan üç istiqamət  üzrə: kiçik həcmli  toxuculuq, tikişçilik və xalçaçılıq, müasir tələblərə cavab verən kiçik həcmli çörək istehsalı və meyvə - tərəvəz emalı sexlərinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov Azərbaycan xalqının sosial rifahına xidmət edən, milli iqtisadi inkişaf modelinin tərkib hissəsi olan məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, işğal edilmiş rayonlardan olan məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu qeyd etmiş, məcburi köçkünlərin sosial-rifah halının daim yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində iqtisadi rayonun məcburi köçkünlərin məskunlaşdığı ərazilərində görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, o cümlədən məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə, sərhəd və cəbhə bölgələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 1314 investisiya layihəsinin maliyyələşdirilməsinə 107.8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 90.3 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 2.0 milyon manat və 1241 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 15.5 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına maliyyələşdirən layihələrin reallaşdırılması nəticəsində 5200-ə yaxın yeni iş yerinin yaradlması nəzərdə tutulur. Fond tərəfindən indiyədək 579 məcburi köçkün sahibkara 6,6 mln. manat güzəştli kreditlər verilmiş, bu kreditlər hesabına 1400-ə yaxın yeni iş yeri yaradılmışdır. Sonra müvəkkil kredit təşkilatları vasitəsilə 36 sahibkarlıq subyektinə 437 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılacaqdır.

Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Laçın rayon məcburi köçkünlərinin məskunlaşdığı Ağcabədinin Taxtakörpü qəsəbəsində sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən məcburi köçkünlər onlara yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.