247 Arxiv
Xəbərlər

Geri

Ağdam rayonunun Quzanlı qəsəbəsində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdi 23.09.2011 / Konfranslar, iclaslar

Sahibkarlığın inkişafı, yeni müəssisə və iş yerlərinin yaradılması, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədlərindəndir.

Sentyabrın 23-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu il sayca 25-ci tədbirini tədbirini Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirmişdir. Tədbirdə Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 150-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Bərdə rayonunda "Rəşad" İKF-nin illik istehsal gücü 6,8 min ton olan çörək məhsulları istehsalı müəssisəsində, "RVR LTD" MMC-nin illik istehsal gücü 5.4 min ton olan ət kəsimi müəssisəsində və tutumu 5 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə, Ağdam rayonunda "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin illik istehsal gücü 3,4 min ton süd olan 450 başlıq cins iribuynuzlu müasir heyvandarlıq kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Ağdam rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan istiqamətlər üzrə- soğan saxlanılması üçün 5 min tonluq müasir soyuducu anbar kompleksinin, gündəlik istehsal gücü 5 ton olan müasir çörək istehsalı müəssisəsinin və müasir texnologiyaların tətbiqi ilə tərəvəz (pomidor) məhsullarının emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Zülfi Qasımov Azərbaycan xalqının sosial rifahına xidmət edən məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin digər rayonları kimi, sərhəd bölgələrinin də sürət inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Ağdam rayonunda də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov məqsədli dövlət çərçivəsində Ağdam rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Yuxarı Qarabağ iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1233 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,6 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 65 investisiya layihəsinin (12 soyuducu, , 1 taxıl anbarı kompleksinin, 8 müasir çörək istehsalı müəssisəsinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 9 müasir istixana kompleksinin, 2 süd məhsullarının emalı müəssisəsinin, 12 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), 2 meyvə-tərəvəz emalı, 1 bitki mənşəli qida yağları istehsalı, 1 yeyinti sənayesi məhsulları istehsalı, 1 quru meyvə istehsalı, 1 mebel istehsalı, 1 kağız və karton məmulatları istehsalı, 1 parça istehsalı, 1 tikinti materiallarının istehsalı, 4 kənd təsərrüfatı məhsulları istehsalı (intensiv bağçılıq) müəssisəsinin yaradılması, 3 turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 87,2 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 2 milyon manat və 1162 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 14,4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 5013 yeni iş yerinin yaradlacağı nəzərdə tutulub. Bu ilin ötən dövrü ərzində Fond tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 547 sahibkara 8,7 mln. manat güzəştli kreditlər verilmiş və bu kreditlər hesabına 1411 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Şirzad Abdullayev 2011-ci ildə Yuxarı Qarabağ iqtisadi rayonu üzrə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Ağdam və ətraf rayonlarda fəaliyyət göstərən 35 sahibkarlıq subyektinə 396 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə məsləhətləşmələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.