229 Arxiv
Xəbərlər

Geri

Pirallahı qəsəbəsində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 15.09.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir.

Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini sentyabrın 15-də Xəzər rayonunun Pirallahı qəsəbəsində keçirmişdir. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 250-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Xəzər rayonunun Binə qəsəbəsindəki illik istehsal gücü 4 min ton quş əti olan "Abşeron" Kənd Təsərrüfatı Məhsullarının İstehsalı Müəssisəsinin quşçuluq təsərrüfatında və "Green Tech" MMC-nin illik istehsal gücü 4,5 min ton faraş tərəvəz məhsulları olan müasir istixana kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

"Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində həmçinin, Xəzər rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan müasir istixana kompleksinin  və müasir çörək zavodunun yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Ələkbər Heydərov dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqəti yüksək qiymətləndirmiş, bu istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı şəhərinin qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyekt

lərinin yaradılmasına, əhalinin iqtisadi aktivliyinin, məşğulluq səviyyəsinin və maddi-rifahının yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhərinin və qəsəbələrinin inkişafını nəzərdə tutan tədbirlər, bu tədbirlərin həyata keçirilməsi istiqamətində görüləcək işlər, Bakı şəhərinin və qəsəbələrinin gələcək inkişaf perspektivləri haqqında məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda İqtisadi İnkişaf Nazirliyinə verilmiş tapşırıqlara uyğun olaraq Xəzər rayonunda dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsi prioritet hesab olunan sahələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1190 investisiya layihəsinin maliyyələşdirilməsinə 98,8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 62 investisiya layihəsinin maliyyələşdirilməsinə 83 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,8 milyon manat və 1122 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 14 milyon manat vəsait verilmişdir. Verilmiş kreditlərin 26,7 milyon manatı Bakı şəhəri və ətraf qəsəbələrinin payına düşür.  Bu kreditlər hesabına Bakı şəhəri və ətraf qəsəbələr üzrə 1120-yə yaxın yeni iş yerinin yaradılacağı nəzərdə tutulur.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 2 milyon 360 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.