232 Arxiv
Xəbərlər

Geri

Daşkəsəndə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 26.08.2011 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini  avqustun 26-da Daşkəsəndə keçirmişdir. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Daşkəsən rayonundakı "Elba" MMC-nin illik istehsal gücü 1000 ton olan ət kəsimi (ət emalı) sexinin fəaliyyətinə baxış keçirilmişdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 3 istiqamət üzrə - arıçılıq təsərrüfatlarının yaradılması, o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması, kiçik həcmli meyvə emalı sexinin yaradılması, intensiv kartofçuluq və ya yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatının təşkili üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Dövlət Proqramları çərçivəsində rayonda görülmüş işlər barədə məlumat vermiş, son illər regionların sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.  Qeyd olunmuşdur ki, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Daşkəsəndə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində iqtisadi regionda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Gəncə-Qazax iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1127 investisiya layihəsinin maliyyələşdirilməsinə 94 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 57 böyük və iri həcmli investisiya layihəsinin (7 müasir çörək istehsalı müəssisəsinin, 12 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 8 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 10 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), 2 meyvə-tərəvəz emalı, 1 bitki mənşəli qida yağları istehsalı, 1 quru meyvə istehsalı, 1 mebel istehsalı,  1 kağız və karton məmulatları istehsalı, 1 parça istehsalı, 1 tikinti materiallarının istehsalı, 3 kənd təsərrüfatı məhsulları istehsalı (intensiv bağçılıq) müəssisəsinin yaradılması, 2 turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 78,9 milyon manat, aqrar sektorun və digər sahələrin inkişafı yönümlü 6 investisiya layihəsinin maliyyələşdirilməsinə 1,8 milyon manat və 1064 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 13,2 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 4500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, bu ilin ötən dövrü ərzində verilmiş kreditlərin 19,9%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşür. Bu iqtisadi rayonda 224 sahibkarlıq subyektinə 12 mln. manat güzəştli kredit verilmişdir.

Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Daşkəsən və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 660 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 80-ə yaxın yerinin yaradılması nəzərdə tutulur.

Tədbir çərçivəsindəyerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.