238 Arxiv
Xəbərlər

Geri

Göyçayda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 12.08.2011 / Konfranslar, iclaslar

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda bu il sayca 20-ci tədbirini  avqustun 12-də Göyçay rayonunda keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Göyçay rayonundakı "Göyçay-Konyak Zavodu" ASC-nin illik istehsal gücü 10 min dekalitr spirt olan üzüm emalı müəssisəsində aparılan tikinti işlərinə, "Göyçay Süd" ASC-nin tutumu min ton olan müasir soyuducu anbar kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan üç istiqamət üzrə - müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması, ətlik və ya südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması, müasir suvarma sisteminin tətbiqi ilə intensiv bağçılıq (nar, xirnik və üzüm) təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz İbrahimov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Göyçayda də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır. Bildirilmişdir ki, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə son zamanlar qəbul edilmiş sənədlər sahibkarlığın inkişafının daha da sürətlənməsində xüsusi əhəmiyyət kəsb edir.

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Göyçay rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 1061 investisiya layihəsinin maliyyələşdirilməsinə 89.5 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 59 böyük və iri həcmli investisiya layihəsinin (7 müasir çörək istehsalı müəssisəsinin, 12 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 8 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 9 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), 2 meyvə-tərəvəz emalı, bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, parça istehsalı, tikinti materiallarının istehsalı, 5 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması, 2 turizm infrastrukturunun və kütləvi informasiya vəsaitlərinin inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 76.9 milyon manat və 1002 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 12.6 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 4277 yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur. Şirzad Abdullayev 2011-ci ildə Aran iqtisadi rayonu üzrə Fondun güzəştli kreditlərinin veriləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Göyçay və ətraf rayonlarda fəaliyyət göstərən 37 sahibkarlıq subyektinə 448 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 72 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə məsləhətləşmələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.