229 Arxiv
Xəbərlər

Geri

Xocalı rayon məcburi köçkünlərinin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 22.07.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini iyulun 22-də Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Ağcakənd qəsəbəsində keçirmişdir. Tədbirdə Xocalı rayonundan və Qarabağın işğal altında olan digər rayonlarından olan 120-dək məcburi köçkün iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Gəncə şəhərindəki "NEON" firmasının inşa etdirdiyi illik istehsal gücü 10,8 min ton olan çörək zavodunda aparılan tikinti işlərinə və tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə məcburi köçkünlərin məskunlaşdığı ərazinin iqtisadi potensialına uyğun olaraq kiçik həcmli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 2 istiqamət üzrə - kiçik çörək istehsalı və meyvə-tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini, Xocalı rayonundan olan məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu qeyd etmiş, məcburi köçkünlərin sosial rifah halının daim yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, iqtisadiyyatın diversifikasiyasının uğurla həyata keçirildiyini, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının həcminin artdığını qeyd etmişdir. Bildirilmişdir ki, 2011-ci ilin birinci yarısında ÜDM 0,9%, qeyri-neft sektoru 7,2%, kənd təsərrüfatı 6,2% artmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasının daha da sürətləndirilməsi, həmçinin iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması və taxılçılıqla məşğul olan təsərrüfatların yüksək keyfiyyətli məhsuldar toxumlarla təmin edilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş elan barədə tədbir iştirakçılarına məlumat vermişdir. Həmçinin bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 946 investisiya layihəsinin maliyyələşdirilməsinə 80 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 54 investisiya layihəsinin (7 müasir çörək istehsalı müəssisəsinin, 11 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 7 müasir istixana kompleksinin, 2 süd məhsullarının emalı müəssisəsinin, 8 quşçuluq təsərrüfatının, 3 ət emalı (kəsim sexi), meyvə-tərəvəz emalı, bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, parça istehsalı, tikinti materiallarının istehsalı, 5 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması, turizm infrastrukturunun və kütləvi informasiya vasitələrinin inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 68,8 milyon manat və 892 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 11,2 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 3800-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulmuşdur. Şirzad Abdullayev 2011-ci ildə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə Fondun güzəştli kreditlərinin veriləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Xocalı rayonundan, həmçinin işğal altında olan digər rayonlardan olan məcburi köçkünlərə və ətraf rayonlarda fəaliyyət göstərən 38 sahibkarlıq subyektinə 466 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri və sahibkarların iştirakı ilə Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən məcburi köçkünlər onlara yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.