227 Arxiv
Xəbərlər

Geri

Suraxanı rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 17.06.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir. 
Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlərini davam etdirir. 
Sahibkarlığa Kömək Milli Fondunun Bakının Binə, Bakıxanov və Lökbatan qəsəbələrində keçirdiyi tədbirlərdən sonra növbəti tədbir iyunun 17-də Hövsan qəsəbəsində keçirmişdir. Tədbirdə Suraxanı rayonunda fəaliyyət göstərən 150-dək sahibkar iştirak etmişdir. 
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Abşeron rayonunun Məhəmmədi kəndindəki "Nəzər" KTM müəssisəsinin inşa etdirdiyi illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatında aparılan tikinti işlərinə və "Baxçasaray" MMC-nin inşa etdirdiyi illik istehsal gücü 8 milyon ədəd dekorativ bitkilər olan istixana təsərrüfatında aparılan son tamamlama işlərinə baxış keçirilmişdir.
Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.
Tədbirdə həmçinin, Suraxanı rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan müasir quş kəsimi fabrikinin, həmçinin kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Bakı şəhərinin qəsəbələrində də sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmiş, qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə aparılan çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır. 
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhərini və qəsəbələrinin inkişafını nəzərdə tutan tədbirlər, bu tədbirlərin həyata keçirilməsi istiqamətində görüləcək işlər, Bakı şəhərinin və qəsəbələrinin gələcək inkişaf perspektivləri haqqında məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda İqtisadi İnkişaf Nazirliyinə verilmiş tapşırıqlara uyğun olaraq Suraxanı rayonunda dövlətin güzəştli kredit vəsaitləri hesabına maliyyələşdirilməsi prioritet hesab olunan sahələr barədə məlumat vermişdir. 
Şirzad Abdullayev həmçinin, Fondun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 743 investisiya layihəsinin maliyyələşdirilməsinə 61,9 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 42 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 53,2 milyon manat və 701 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 8,7 milyon manat güzəştli kredit vəsaitinin verildiyini bildirmişdir. Bu dövrdə Bakı şəhəri və ətraf qəsəbələr üzrə 95 investisiya layihəsinin maliyyələşdirilməsinə 16,9 milyon manat güzəştli kredit verilmişdir ki, bu vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələr üzrə 839 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fondun icraçı direktoru Şirzad Abdullayev sahibkarları maraqlandıran sualları da cavablandırmışdır.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Suraxanı rayonunun qəsəbələrində və digər Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkarlıq subyektinə 8,7 milyon manatdan çox güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 318 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərini davam etdirəcəkdir