230 Arxiv
Xəbərlər

Geri

Beyləqanda sahibkarlara güzəştli kreditlər verilmişdir 10.06.2011 / Konfranslar, iclaslar

Azərbaycanda, xüsusilə də sərhəd və cəbhə bölgələrində sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın prioritet istiqamətlərindəndir.

İyunun 10-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Beyləqan rayonunda keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Beyləqan rayonundakı "Əkinçi-Bo fermer təsərrüfatı" MMC-yə məxsus tutumu 6,5 min ton olan soyuducu anbar kompleksində aparılan tikinti işlərinə, müasir suvarma sistemləri ilə təchiz olunmuş 100 hektarlıq soğan əkini sahəsinə və "Azqida" MMC-nin inşa etdirdiyi illik istehsal gücü 6 min ton olan süd emalı müəssisəsində aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Beyləqan rayonunun iqtisadi potensialına uyğun olaraq, müasir texnologiyaların tətbiqi ilə ətlik istiqamətli quşçuluq təsərrüfatının, müasir ətlik və ya südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev Azərbaycan xalqının sosial rifahına xidmət edən, milli iqtisadi inkişaf modelinin tərkib hissəsi olan məqsədli dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin digər rayonları kimi Beyləqanın da sosial-iqtisadi mənzərəsinin dəyişdiyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, rayonda yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev dövlət başçısının rəhbərliyi ilə uğurla icra edilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu qeyd etmişdir. Bildirilmişdir ki, görülmüş işlər nəticəsində özəl bölmənin ÜDM-də payı 80%-i ötmüşdür. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası" haqqında əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, kənd təsərrüfatı və yeyinti sənayesində bir sıra mal və avadanlıqların idxalda ƏDV-dən və gömrük rüsumundan azad olunması barədə Nazirlər Kabinetinin qərarı ölkədə investisiya mühitinin daha da yaxşılaşması, qeyri-neft ixracının genişlənməsi baxımından vacibdir.

Hüseyn Paşayev dövlət başçısının müvafiq fərman və sərəncamları ilə qəbul edilmiş sənədlərin sahibkarlığın inkişafının daha da sürətlənməsində xüsusi əhəmiyyətini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramın"da nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Beyləqan rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 695 investisiya layihəsinin maliyyələşdirilməsinə 53.8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 39 böyük və iri həcmli investisiya layihəsinin (6 müasir çörək istehsalı müəssisəsinin, 9 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 4 müasir istixana kompleksinin, 2 süd məhsullarının emalı müəssisəsinin, 4 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), meyvə-tərəvəz emalı, bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, tikinti materiallarının istehsalı, 3 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması və turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 45.6 milyon manat və 656 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 8.2 milyon manat güzəştli kredit vermişdir. Bu kreditlər hesabına 2891 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.

Şirzad Abdullayev həmçinin, respublikanın sərhəd və cəbhə bölgələrində yerləşən rayonlarda fəaliyyət göstərən sahibkarlara hər zaman xüsusi diqqət göstərildiyini, 2002-ci ildən bu günədək sərhəd və cəbhə bölgələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 6084 investisiya layihəsinin maliyyələşdirilməsinə 214.3 milyon manat məbləğində güzəştli kreditlər verildiyini, bu kreditlər hesabına 36377 yeni iş yerinin yaradıldığını, o cümlədən, 2011-ci ildə sərhəd və cəbhə bölgələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 449 investisiya layihəsinin maliyyələşdirilməsinə 20,2 milyon manat məbləğində güzəştli kreditlər verildiyini, bu kreditlər hesabına sərhəd və cəbhə bölgələrində 1524  yeni iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir.

Şirzad Abdullayev həmçinin 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 39 sahibkarlıq subyektinə 444 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 65 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Beyləqan rayonunda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.