235 Arxiv
Xəbərlər

Geri

Horadizdə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 27.05.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək, eyni zamanda regionlarda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafını daha da stimullaşdırmaq məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlərini davam etdirir. Növbəti belə tədbir mayın 27-də Füzuli rayonunun Horadiz şəhərində keçirilmişdir. Tədbirdə Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 130-dan çox sahibkar iştirak etmişdir.   

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Füzuli rayonunun Əhmədbəyli kəndində  inşa olunan "ASA LTD" MMC-yə məxsus tutumu 5 min ton olan soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (http://www.anfes.gov.az/) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə həmçinin, Füzuli rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan illik istehsal gücü 2 min ton olan müasir ətlik istiqamətli quşçuluq kompleksinin yaradılması və intensiv üzüm bağlarının salınması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində əsaslı irəliləyişə nail olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Horadizdə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlar ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini bildirmiş, ölkəmizdə özəl bölmənin inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsini yüksəltmək istiqamətində ardıcıl işlər aparıldığını diqqətə çatdırmışdır.

İqtisadi İnkişaf Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin müdiri Aslan Aslanov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Füzuli rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Yuxarı Qarabağ iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 669 investisiya layihəsinin maliyyələşdirilməsinə 51 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 38 böyük və iri həcmli investisiya layihəsinin (5 müasir çörək istehsalı müəssisəsinin, 9 soyuducu anbar kompleksinin, südlük istiqamətli 2 cins heyvandarlıq kompleksinin, 4 müasir istixana kompleksinin, 2 süd məhsullarının emalı müəssisəsinin, 4 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), meyvə-tərəvəz emalı, bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, tikinti materiallarının istehsalı, 3 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması və turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 43,7 milyon manat və 631 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 7,3 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarına məlumat vermiş, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Füzuli rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektinə 3,5 milyon manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə şəhərin yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Füzuli rayonunda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.