240 Arxiv
Xəbərlər

Geri

Bakı qəsəbələrində sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilir 20.05.2011 / Konfranslar, iclaslar

 

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir.

Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasının təmin edilməsi, Bakı qəsəbələrində sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini mayın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirmişdir. Tədbirdə Qaradağ rayonunda fəaliyyət göstərən 300-dək sahibkar iştirak etmişdir.   

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki illik istehsal gücü 160 min kub metr qazobeton bloklar olan "AAC" MMC-də və gücü ildə 30 min ton əhəng istehsalı olan "As Kompani" MMC-də aparılan son tamamlama işlərinə baxış keçirilmişdir.

Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə həmçinin, Qaradağ rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan müasir çörək istehsalı, müasir ət kəsimi müəssisələrinin və müasir istixana kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dövlət başçısının Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində rayonda görülmüş işlər barədə məlumat vermiş, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Bakı qəsəbələrinin inkişafına təkan olacağını bildirmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhərini və qəsəbələrinin inkişafını nəzərdə tutan tədbirlər, bu tədbirlərin həyata keçirilməsi istiqamətində görüləcək işlər, Bakı şəhərinin və qəsəbələrinin gələcək inkişaf perspektivləri haqqında məlumat vermişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə aparılan çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlət başcısı tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda olkədə sənayeləşmə siyasəti və sənaye istehsalının inkişafı üzrə Sumqayıt, Gəncə şəhərləri və Qaradağ rayonunda sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda İqtisadi İnkişaf Nazirliyinə verilmiş tapşırıqlara uyğun olaraq Qaradağ rayonunda dövlətin güzəştli kredit vəsaitləri hesabına maliyyələşdirilməsi prioritet hesab olunan sahələr barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 583 investisiya layihəsinin maliyyələşdirilməsinə 42,1 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 33 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat və 550 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 6,8 milyon manat vəsait verilmişdir. Bunlardan Bakı şəhəri və ətraf qəsəbələr uzrə 81 investisiya layihəsinin maliyyələşdirilməsinə 7,8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 8 böyük və iri həcmli investisiya layihəsinin (3 çörək istehsalı müəssisəsinin, 2 istixana kompleksinin, quşçuluq təsərrüfatının, ət emalı, mebel istehsalı müəssisələrinin yaradılması üzrə layihələrin) maliyyələşdirilməsinə 6,9 milyon manat və 73 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 900 min manat güzəştli kredit verilmişdir. Fondun icraçı direktoru Şirzad Abdullayev sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Qaradağ rayonunun qəsəbələrində və digər Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 1,5 milyon manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərini davam etdirəcəkdir.