316 Arxiv
Xəbərlər

Geri

Gəncədə sahibkarlara güzəştli kreditlər verilmişdir 13.05.2011 / Konfranslar, iclaslar

Mayın 13-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Gəncə şəhərində keçirmişdir. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "Neon" firmasının tutumu 10 min ton olan taxıl anbarı kompleksinin fəaliyyətinə və gündəlik istehsal gücü 30 ton olan çörək zavodunda aparılan tikinti işlərinə baxış keçirilmişdir.
Sonra öz işinə başlayan "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (
www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.
Tədbirdə həmçinin, Gəncənin iqtisadi potensialına uyğun olaraq qənnadı məmulatlarının istehsalı, südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması və süd emalı, ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatının yaradılması və konserv məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək dövlət başçısının göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində regionların sürətlə inkişaf etdiyini, məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Gəncədə də yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev ölkədə həyata keçirilən məqsədli dövlət proqramlarının regionların inkişafında xüsusi əhəmiyyətini qeyd etmiş, onların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafının daha da sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsinin iqtisadiyyatda özəl bölmənin rolunun artmasında rolunu  diqqətə çatdırmışdır. Hüseyn Paşayev dövlət başçısının müvafiq fərman və sərəncamları ilə qəbul edilmiş sənədlərin sahibkarlığın inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Gəncə şəhərində görülmüş və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Gəncə-Qazax iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondundan müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinin 544 investisiya layihəsinin maliyyələşdirilməsinə 40.3 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 30 böyük və iri həcmli investisiya layihəsinin (5 müasir çörək istehsalı müəssisəsinin, 6 soyuducu anbar kompleksinin, südlük istiqamətli cins heyvandarlıq kompleksinin, 3 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 4 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması və turizm infrastrukturunun inkişafı üzrə layihələrin) maliyyələşdirilməsinə 33.9 milyon manat və 514 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 6.4 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 600 min manata yaxın güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə şəhərin yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Gəncədə sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.