Geri
Mayın 6-da Almaniya Federativ Respublikasının Bavariya Əyalətinin paytaxtı Münhen şəhərində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bavariya Federal Torpağının İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin və ölkəmizin Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, enerji, maliyyə, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, ölkədə yeni infrastruktur obyektləri yaradılır, sahibkarlıq fəaliyyəti genişlənir, biznes və investisiya mühiti daha da yaxşılaşır. İqtisadi İnkişaf naziri alman iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla ölkə iqtisadiyyatına investisiya yatırmağa və azərbaycanlı sahibkarlarla əlaqələri daha da genişləndirməyə dəvət etmişdir.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin biznes və investisiya imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə təmsil etdiyi qurumun fəaliyyəti, eləcə də alman investorlar üçün maraqlı ola biləcək əməkdaşlıq sahələri barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forum birgə əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etmişdir.
Tədbir çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti və Almaniyanın "HİPP" şirkəti arasında "Azərbaycanda uşaq qidası istehsalının təşkili ilə bağlı layihənin həyata keçirilməsi haqqında xidməti müqavilə" imzalanmışdır. Bu layihənin reallaşdırılması nəticəsində Azərbaycanda müasir tələblərə cavab verən uşaq qidasının istehsalı təmin olunacaq, istehsal prosesində müasir alman texnologiyası və avadanlığı tətbiq ediləcəkdir. Layihə çərçivəsində regionda ilk uşaq qidası istehsal edən müəssisə yaradılacaq. İstehsal olunacaq məhsulların bir hissəsi ixrac olunacaqdır. Bu layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 milyon manat güzəştli kredit verilmişdir.
Biznes forumda həmçinin, "Çörəkbişirmə müəssisəsi üçün avadanlığın alınması haqqında" Almaniyanın "Werner & Pfleiderer Bachverfahren Technik GmbH" şirkəti ilə Azərbaycanın "Delta Group" şirkəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Sumqayıt şəhərində gündəlik istehsal gücü 122 ton olan və 60 çeşiddə çörək istehsal etmək imkanına malik müasir standartlara cavab verən yeni istehsal sahəsi yaradılacaq. Tikiləcək yeni çörək zavodunda Almaniyanın ən son texnoloji avadanlıqları quraşdırılacaqdır. Ümumi dəyəri 15,4 mln. manat olan layihənin icrasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 mln. manat həcmində güzəştli kreditin ayrılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 460-dan çox yeni iş yerinin yaradılması planlaşdırılır.
İqtisadi İnkişaf naziri cənab Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyaya səfərin sonuncu günü Bavariya Federal Torpağının Federal və Avropa Məsələləri üzrə Dövlət naziri Emiliya Müller ilə görüşmüşdür. Görüşdə Bavariya Əyaləti ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparılmışdır.