231 Arxiv
Xəbərlər

Geri

Ağcabədidə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 29.04.2011 / Konfranslar, iclaslar

Aprelin 29-da İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağcabədi rayonunda keçirmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Ağcabədi rayonundakı "Atropatena LTD" QSC-nin illik istehsal gücü 90 min ton olan süd emalı müəssisəsində aparılan son tamamlama işlərinə, "Aqro-MTS" MMC-nin illik istehsal gücü 15,8 min ton ət emalı olan ət kəsimi müəssisəsində aparılan tikinti işlərinə, sahibkar Ramil Abdullayevə məxsus tutumu 5 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyətinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Ağcabədi rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv meyvəçilik (intensiv nar bağlarının salınması) və müasir tələblərə cavab verən ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal İsgəndərov dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, həmçinin rayon üçün ənənəvi olan kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev ölkədə həyata keçirilən məqsədli dövlət proqramlarının regionların inkişafında xüsusi əhəmiyyətini qeyd etmiş, onların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsinin iqtisadiyyatda özəl bölmənin rolunun artmasında rolunu  diqqətə çatdırmışdır. Hüseyn Paşayev dövlət başçısının müvafiq fərman və sərəncamları ilə qəbul edilmiş sənədlər sahibkarlığın inkişafının daha da sürətlənməsində xüsusi əhəmiyyətini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Ağcabədi rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 494 investisiya layihəsinin maliyyələşdirilməsinə 38 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 27 böyük və iri həcmli investisiya layihəsinin (5 müasir çörək istehsalı müəssisəsinin, 6 soyuducu anbar kompleksinin, südlük istiqamətli cins heyvandarlıq kompleksinin, 2 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 3 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması üzrə layihələrin) maliyyələşdirilməsinə 32.2 milyon manat və 467 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 5.8 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 387 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 60 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə Ağcabədidə sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.