221 Arxiv
Xəbərlər

Geri

Məhsuldar kartof toxumu gətirilib 22.04.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi məqsədli dövlət proqramlarında etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə verilmiş tapşırıqlara uyğun olaraq, ölkədə müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasında güzəştli kreditlərindən istifadə olunması bu sahələrin inkişafını nəzərdə tutan investisiya layihələrinin reallaşması prosesinin sürətlənməsində əhəmiyyətli rol oynayır.

Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kreditlər hesabına "Sənan-Kənan" MMC tərəfindən Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində 30 hektar sahədə yüksək məhsuldarlığa malik toxumluq kartof, eyni zamanda Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində 30 hektar sahədə baş soğan yetişdiriləcəkdir. Bu layihənin həyata keçirilməsinə Fond tərəfindən 140 min manat güzəştli kredit vəsaiti ayrılmışdır. 

Artıq Latviya Respublikasından 5 növ ("Laura", "Maraten", "Finka", "Ariyella" və "Maniton" növləri) birinci reproduksiyalı yüksək keyfiyyətli 60 ton kartof toxumu, Türkiyə Respublikasından isə yüksək məhsuldarlığa malik olan "Valensiya" (İspaniya) soğan toxumu gətirilmişdir. Layihənin reallaşması nəticəsində təsərrüfatda hər il orta hesabla 1000 ton kartof  (o cümlədən 600 ton toxumluq) və 1900 ton baş soğan istehsalı mümkün olacaqdır.

Gətirilmiş məhsuldar toxumlardan həmçinin, Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarında da əkilmişdir. Həmin rayonlarda fəaliyyət göstərən sahibkarlara da yüksək məhsuldarlığa malik toxumların alınması üçün güzəştli kredit ayrılacaqdır.

Güzəştli kreditləri hesabına toxumçuluğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların təbii iqlim şəraitinə uyğunlaşdırılmış, yüksək reproduksiyalı, keyfiyyətli toxumlarla təminatı sahəsində əhəmiyyətli olmaqla yanaşı, həm də yüksək məhsuldarlığa nail olunmasında, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatında əhəmiyyətli olacaqdır.