Geri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 mart
2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin və
paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilmiş müşavirədə
Bakı qəsəbələrində sahibkarlığın inkişafı istiqamətində zəruri tədbirlərin
görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına
tapşırıqlar vermişdir.
Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini aprelin 22-də Bakıxanov qəsəbəsində keçirmişdir. Tədbirdə Sabunçu rayonunun qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak etmişdir.
Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Bakıxanov qəsəbəsindəki illik istehsal gücü 29,2 min ton çörək istehsalı olan "Sərham" MMC-nin yeni istehsal sahəsinin fəaliyyətinə baxış keçirilmişdir.
Sonra öz işinə başlamış tədbirdə sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba
Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı
nəticəsində rayonda görülmüş işlər barədə məlumat vermiş, dövlət başçısının
Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafına dair keçirilmiş müşavirədə verdiyi tapşırıqların
icrasının Bakı qəsəbələrinin inkişafına yeni təkan olduğunu diqqətə
çatdırmışdır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə aparılan çevik iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, qeyri-neft sektorunun inkişafının sürətləndiyini, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamış, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün görülən işlər barədə məlumat vermişdir.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov çıxışında məqsədli dövlət proqramlarında Bakı şəhərini və qəsəbələrini əhatə edən tədbirlər və onların icrası, həmçinin görüləcək işlər barədə danışmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru
Şirzad Abdullayev dövlət başçısının İqtisadi
İnkişaf Nazirliyinə verdiyi tapşırıqlara uyğun olaraq Bakı qəsəbələrində
dövlətin güzəştli kredit
vəsaitləri hesabına maliyyələşdirilməsi prioritet hesab olunan sahələr barədə
məlumat vermişdir. Bildirilmişdir
ki, Fondun güzəştli kreditləri hesabına Sabunçu rayonunda fəaliyyət göstərən
sahibkarların zeytunçuluq, zəfərançılıq təsərrüfatlarının, zəfəran emalı və
qablaşdırılması müəssisəsinin, müasir istixana komplekslərinin, müasir çörək
istehsalı müəssisəsinin, quşçuluq və kiçik həcmli müasir ət kəsimi
müəssisələrinin yaradılması, intensiv üzümçülüyün inkişafı layihələrinin
reallaşdırılması nəzərdə tutulur. Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli
kreditlər hesabına həyata keçirilən və müasir texnologiyaların tətbiqinə
əsaslanan layihələr barədə də tədbir iştirakçılarına ətraflı məlumat vermiş,
sahibkarları maraqlandıran sualları cavablandırmışdır.
Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Sabunçu rayonunun qəsəbələrində fəaliyyət göstərən 26 sahibkarlıq subyektinə 290 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərini davam etdirəcəkdir.