230 Arxiv
Xəbərlər

Geri

Tovuzda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 15.04.2011 / Konfranslar, iclaslar

Azərbaycanda, xüsusilə də sərhəd və cəbhə bölgələrində sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın prioritet istiqamətlərindəndir.

Aprelin 15-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Tovuz rayonunda keçirmişdir. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 300-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "Premyer" MMC-nin Tovuz rayonundakı tutumu 1,5 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçirilmişdir.

Sonra öz işinə başlayan "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Tovuz rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan intensiv üzüm bağlarının salınması tingçilik təsərrüfatlarının, məhsuldar toxumluq kartof istehsalı təsərrüfatının yaradılması, məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalının təşkili və müasir texnologiyaya əsaslanan həcmli istixana komplekslərinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının sərhəd rayonlarının inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, həmçinin kənd təsərrüfatının daha da inkişaf etdiyini qeyd etmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə həyata keçirilən məqsədli dövlət proqramlarının regionların inkişafında xüsusi əhəmiyyətini qeyd etmiş, onların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsinin iqtisadiyyatda özəl bölmənin rolunun artmasında rolunu  diqqətə çatdırmışdır. Bildirilmişdir ki, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə qəbul edilmiş sənədlər sahibkarlığın inkişafının daha da sürətlənməsində xüsusi əhəmiyyət kəsb edir.

İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdiri Arzu Hacıyev məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində iqtisadi regionda görülmüş işlər, həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Gəncə-Qazax iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 384 investisiya layihəsinin maliyyələşdirilməsinə 29,3 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 27 böyük və iri həcmli investisiya layihəsinin (5 müasir çörək istehsalı müəssisəsinin, 6 soyuducu anbar kompleksinin, südlük istiqamətli cins heyvandarlıq kompleksinin, 2 müasir istixana kompleksinin, 2 süd məhsullarının istehsalı müəssisəsinin, 3 quşçuluq təsərrüfatının, 2 ət emalı (kəsim sexi), bitki mənşəli qida yağları istehsalı, quru meyvə istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması üzrə layihələrin) maliyyələşdirilməsinə 24,9 milyon manat və 357 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 4,4 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən 31 sahibkarlıq subyektinə 402 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 62 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə rayonun yerli icra hakimiyyəti nümayəndələri və sahibkarlarla regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.

****

Azərbaycan Respublikasının Prezidentinin ərzaq məhsulları ilə özünütəminatın daha yüksək səviyyəyə çatdırılması və tam təminata keçilməsi üzrə tapşırıqlarına uyğun olaraq, respublikada südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması məqsədilə sahibkarlıq subyektlərinin ümumi kredit tələbatı 13,9 milyon manat olan 5 investisiya layihəsi (5150 başlıq 5 heyvandarlıq kompleksi) Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli qaydada maliyyələşdirilmişdir.

2011-ci ildə güzəştli kreditlər hesabına Kürdəmir rayonunda "Kürdəmir Süd Emalı Zavodu" ASC tərəfindən inşa edilmiş illik emal gücü 8,4 min ton olan süd məhsullarının emalı müəssisəsi və 500 başlıq südlük istiqamətli müasir cins heyvandarlıq kompleksi istifadəyə verilmişdir. Bu layihənin həyata keçirilməsinə Fond tərəfindən 3,2 milyon manat güzəştli kredit verilmişdir.

Aprelin 15-də heyvandarlıq kompleksinə "Aqrolizinq" ASC-nin xətti ilə Almaniyadan 200 baş südlük istiqamətli cins inəklər ("Holşteyn-Friz") gətirilmişdir. Bu inəklər yüksək məhsuldarlıqlı olub laktasiya dövründə gündəlik orta hesabla 25-30 litr süd vermə qabiliyyətinə malikdirlər. Müəssisələrdə Almaniyanın "GEA" və "Strautmana", Hollandiyanın "Conexx" şirkətlərinin istehsalı olan müasir avadanlıqlardan və texnologiyalardan istifadə olunmuşdur.

Qeyd edək ki, 2010-cu ildə güzəştli kredit hesabına Ağdam rayonunun Əfətli kəndi ərazisində yerləşən "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin 450 başlıq nümunəvi cins heyvandarlıq kompleksi istifadəyə verilmişdir.

Fond tərəfindən maliyyələşdirilmiş digər heyvandarlıq komplekslərinin 2011-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.