215 Arxiv
Xəbərlər

Geri

"Dvorak - engineering" şirkəti tərəfindən müasir çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilmişdir 11.04.2011 / Konfranslar, iclaslar

Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindəndir.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda ölkədə etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə verilmiş tapşırıqlara uyğun olaraq, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasında güzəştli kreditlərdən səmərəli istifadə olunur.

Artıq müasir standartlara cavab verən çörək istehsalı müəssisələrinin yaradılması üzrə sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş illik istehsal gücü 89,8 min ton çörək istehsalı olan 8 investisiya layihəsinə Fond tərəfindən 6,3 mln. manat güzəştli kredit ayrılmışdır. Bu layihələrdən 4-ü Bakı şəhərində, 4-ü isə regionlarda həyata keçirilir.

Bu layihələrdən olan əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla Bakının Bakıxanov qəsəbəsi ərazisində yerləşən illik istehsal gücü 29,2 min ton çörək istehsalı  olan "Sərham" MMC-nin yeni istehsal sahəsi istifadəyə verilmişdir. İki müəssisədə avadanlıqların quraşdırılması prosesi başa çatmaq üzrədir. Digər 5 müəssisədə isə tikinti işləri aparılır.

Azərbaycanda çörək istehsalı ilə məşğul olan sahibkarları müasir texnologiyalarla tanış etmək, eləcə də yeni texnologiyaların tətbiq olunması prosesini sürətləndirmək məqsədilə aprelin 11-də Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı və Çexiyanın "Dvorak - engineering" şirkətinin nümayəndələrinin iştirakı ilə müasir standartlara cavab verən çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda sahibkarlığın inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi tədbirlərindən danışaraq, ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

"Dvorak-engineering" şirkətinin rəhbəri Yaroslav Dvorakın təqdimatında şirkətin müasir texnologiyaların tətbiqinə əsaslanan çörək və un məmulatları istehsal edən avadanlıqları, onların əsas texniki-iqtisadi göstəriciləri (proseslərin tam avtomatlaşdırılması, asan idarə olunma, enerjiyə qənaət, səmərəlilik, keyfiyyətlilik, ekoloji, sanitar-gigiyenik və s.) haqqında sahibkarlara ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.