Geri
İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun 2024-cü il üzrə maliyyə hesabatına əsasən, 2024-cü ildə Fondun əməliyyat gəlirləri 2023-cü il ilə müqayisədə 33% artaraq 27 687 min manat təşkil edib. Əməliyyat xərcləri çıxılmaqla Fondun vergidən əvvəl mənfəəti 51 382 min manat olub. Mənfəət vergisi xərci 2024-cü ildə 4 068 min manat təşkil edib. Fond ötən ili 47 314 min manat mənfəətlə başa vurub. 31 dekabr 2024-cü il tarixinə Fondun cəmi aktivləri 5% artaraq 1 057 388 min manat, öhdəlikləri 1 057 388 min manat təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Fərmanına əsasən 1 yanvar 2025-ci il tarixindən etibarən Fondun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi və yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) publik hüquqi şəxs yaradılıb. Nəticə etibarilə, ABİF-ə köçürülməni əks etdirmək üçün Fondun xalis aktivləri (nizamnamə kapitalı daxil olmaqla) 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə maliyyə hesabatlarında öhdəliklər kimi təsnif edilib.
Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə Fond tərəfindən son dövrlərdə daha çox kiçik və ortahəcmli kreditlər verilib. Kiçikhəcmli kreditlərin ümumi balans dəyəri 29% artaraq 168 585 min manat, ortahəcmli kreditlər isə 12% artaraq 190 626 min manat olub.
Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. 2024-cü ilin maliyyə hesabatları “KPMG Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. Audit rəyinə əsasən maliyyə hesabatları Fondun 31 dekabr 2024-cü il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.