115 Arxiv
Xəbərlər

Geri

Sahibkarlara 32,1 milyon manat güzəştli kredit verilib 14.03.2025 / Mühüm hadisələr

Bu ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə ayrılmış 32,1 milyon manat güzəştli kredit hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2025-ci ilin ilk iki ayı ərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Güzəştli kreditlər prioritet sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına yönəldilib. Belə ki, verilmiş kreditlərin ümumi məbləğinin 40,5%-i kənd təsərrüfatının, 56%-i sənayenin (o cümlədən, aqrar emal), 3,5%-i isə digər sahələrin payına düşüb.

Bu ilin 2 ayında güzəştli kreditlərdən yararlanmış sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir. Qeyd edilən dövr ərzində güzəştli kreditdən yararlanmış layihələrin 96,5%-i, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 75%-ə yaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür.  

Bununla yanaşı, mikro, kiçik və orta bizneslərin dövlətin güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi davam etdirilib. Yanvar-fevral aylarında maliyyələşdirilmiş layihələrin 99,6%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur.