232 Arxiv
Xəbərlər

Geri

Qusarda üzüm bağlarının salınmasına başlanmışdır 05.04.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda üzümçülüyün inkişafına xüsusi diqqət göstərilməsini qeyd edərək bu sahədə müvafiq tədbirlərin görülməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq vermişdir.

Dövlət başçısının tapşırıqlarının icrası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu üzümçülüyün inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başlamışdır. Güzəştli kreditlər hesabına maliyyələşdirilən belə layihələrdən biri də Qusar rayonunda həyata keçirilir.

Qusar rayonunun Yeni Tahircal kəndində fəaliyyət göstərən "Şimal Kəndli Fermer Təsərrüfatı" MMC-yə məxsus 50 ha sahədə yeni üzüm bağının salınması üçün Sahibkarlığa Kömək Milli Fondundan 1,1 mln. manat güzəştli kredit ayrılmışdır. Bu vəsait hesabına ilkin olaraq Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı "qara pino", "kaberne sovinyon", "saperavi", "şimal saperavisi" və "izabella" növlü 100 minədək üzüm tinginin əkilməsinə başlanmışdır. Layihə çərçivəsində müasir suvarma sistemlərinin quraşdırılması da nəzərdə tutulur.

Üzüm bağları 3-cü ildən başlayaraq məhsuldarlığa düşəcək və ildə təxminən 3 min ton məhsul verəcəkdir. Bu layihənin reallaşdırılması 35 yeni iş yerinin açılmasına imkan yaradacaq.

Sahibkarlığa Kömək Milli Fondu üzümçülüyün inkişaf etdirilməsi istiqamətində investisiya layihələrinin maliyyələdirilməsini davam etdirəcəkdir.

Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşları güzəştli kreditlər hesabına Qusar rayonunda "Aqroline" MMC tərəfindən inşa etdirilən tutumu 5 min ton olan soyuducu anbar kompleksinə, 4 hektar ərazidə salınmış tingçilik sahəsinə, eləcə də Quba rayonunun Dəlləkli kəndində tutumu 5 min ton olan soyuducu anbar kompleksinin tikintisinin davam etdirilməsi üçün "D-fruits" MMC tərəfindən Fonda edilmiş müraciət nəzərə alınaraq anbar kompleksinə baxış keçirilmişdir.