194 Arxiv
Xəbərlər

Geri

“Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib 05.07.2024 /

Sənaye və yaşıl layihələrə dəstəkmüsabiqəsi çərçivəsində 136 layihəyə ümumilikdə 27 milyon manata yaxın güzəştli kredit ayrılıb.

 İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Görüşdə SİF-in İdarə Heyəti sədrinin müavini Emin Şirinov iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi istiqamətində kredit təşkilatlarının rolunun əhəmiyyətini vurğulayıb, müsabiqə iştirakçılarına təşəkkür edib. Bildirilib ki, müsabiqə çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri tərəfindən 136 layihəyə ümumilikdə 27 milyon manata yaxın güzəştli kredit ayrılıb.

Müsabiqə komissiyasının qərarına əsasən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə "AccessBank" QSC-nin nümayəndəsi Ramil Tahirli, 2-ci yerə “Yelo Bank” ASC-nin nümayəndəsi Nahid Əhmədov, 3-cü yerə "Rabitəbank" ASC-nin nümayəndəsi Fərrux Mehralıyev layiq görülüb.

Qaliblər diplom və pul mükafatları ilə təltif ediliblər.