213 Arxiv
Xəbərlər

Geri

Ağsuda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri keçirilmişdir 01.04.2011 / Konfranslar, iclaslar

Aprelin 1-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağsu şəhərində keçirmişdir. Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 250-dək sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "Bismak Qida Sənaye Kompleksi" MMC-nin İsmayıllı rayonunda inşa etdirdiyi tutumu 24 min ton olan müasir taxıl anbarı kompleksində, "İlk-Aqrokom" MMC-nin Qobustan rayonunda tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksində aparılan tikinti işlərinə baxış keçirilmişdir.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair treninq keçirilmiş, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Ağsu rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan yüksək texnologiyaların tətbiqi ilə müasir üzüm bağının salınması, illik istehsal gücü 5 min ton olan müasir ət kəsimi sexinin yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Ağsuda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndiyini, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır. Bildirilmişdir ki, dövlət başçısının müvafiq fərman və sərəncamları ilə son zamanlar qəbul edilmiş sənədlər sahibkarlığın inkişafının daha da sürətlənməsində xüsusi əhəmiyyət kəsb edir.

İqtisadi İnkişaf Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Ağsu rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Dağlıq Şirvan iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 323 investisiya layihəsinin maliyyələşdirilməsinə 27,3 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 23,7 milyon manat və 298 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 3,6 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Ağsu və ətraf rayonlarda fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 220 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 40-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.