Geri
"Yaşıl layihələr" Sahibkarlığın İnkişafı Fondu (SİF) üçün prioritet istiqamətlərdən biridir.
Bu barədə "Trend" Beynəlxalq İnformasiya Agentliyinə özəl müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.
"Yaşıl" layihələr cari ilin prioritet istiqamətlərinə daxil edilib. Sahibkarlar "yaşıl" layihələrin maliyyələşdirilməsi üçün Fondun güzəştli kredit mexanizminə müraciət edərək, illik 5% dərəcəsi ilə kreditdən yararlana bilərlər. İndiyədək 3 "yaşıl" layihə bu mexanizmdən yararlanıb. Bu layihələrdən biri quşçuluq təsərrüfatında enerji tələbatını günəş panelləri vasitəsilə təmin etməyi hədəfləyir.
Digər layihə isə e-infrastrukturun inkişafı istiqamətində elektrik doldurma stansiyalarının quraşdırılmasını həyata keçirəcək. Başqa bir layihə isə dairəvi iqtisadiyyatı dəstəkləyən təkrar emal yolu ilə tikinti materiallarının istehsalını reallaşdıracaq", - o deyib.
Osman Xaliyev bildirib ki, bu cür layihələr iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilə bilər və SİF-in müəyyənləşdirilmiş prioritetlər üzrə sahibkarların bütün təşəbbüslərini, o cümlədən, "yaşıl" layihələrini güzəştli şərtlərlə maliyyələşdirməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, SİF özünün ESG modelini işləyib hazırlayıb.
"Fond tərəfindən bu istiqamətdə beynəlxalq standartlara uyğun olaraq ESG modeli hazırlanıb. Bununla da maliyyələşdirilmiş sahibkarlıq subyektlərinin ətraf mühit, sosial sahə və korporativ idarəetmə aspektləri üzrə təsirləri, həmçinin, potensial risklərini ESG modeli vasitəsilə müəyyənləşdirə bilirik. Fond bu modeli tətbiq etməklə gələcəkdə müəyyən edilmiş risklərin qarşısının alınmasını və ya minimuma endirilməsini hədəfləyir", - deyə O.Xaliyev qeyd edib.
Sədr Fondun, həmçinin, yeni iş yerlərinin yaradılması, qadın və gənc sahibkarların güzəştli maliyyə vəsaitləri ilə təmin edilməsi kimi mühüm məsələləri həll etdiyini qeyd edib.
"2023-cü il ərzində SİF tərəfindən maliyyələşdirilən layihələrin icrası nəticəsində 3154 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Həmin il SİF tərəfindən güzəştli kredit verilən layihələrin 398-i isə qadın və gənc sahibkarlara məxsusdur", - deyə O.Xaliyev əlavə edib.
Fondun sədri bildirib ki, bu ilin birinci rübündə 1065 layihəyə müvəkkil kredit təşkilatları vasitəsilə ayrılmış 43,1 milyon manat güzəştli kredit vəsaitindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri yararlanıb.
Osman Xaliyevin sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondunun (SİF) əsas missiyası ölkədə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı, eləcə də, qarşılıqlı inam mühitinin yaradılmasına dəstək olmaqdır.
"Hazırda Fond ölkədə fəaliyyət göstərən 21 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən yararlanması üçün əməkdaşlıq edir. Təkcə bu ilin ilk 3 ayı ərzində 1065 layihəyə müvəkkil kredit təşkilatları vasitəsilə ayrılmış 43,1 milyon manat güzəştli kredit vəsaitindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri yararlanıb", - o deyib.
O.Xaliyev sahibkarlığın dəstəklənməsinə xidmət edən maliyyə mexanizmlərinin icrasında Fond və özəl sektor arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sədr bildirib ki, Fondun güzəştli kredit, zəmanət və subsidiya, avadanlıq krediti kimi dəstək mexanizmləri müvəkkil kredit təşkilatları vasitəsilə icra olunur.
"Güzəştli kreditlərin hər biri 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvafiq layihələrinə verilib. Layihələr əvvəlcə müvəkkil kredit təşkilatları, daha sonra isə Fond tərəfindən təhlil olunur.
Fond tərəfindən vəsaitin ayrılmasına qərar verilən zaman layihənin ölkə iqtisadiyyatına verəcəyi töhfə, o cümlədən, iqtisadi artıma təsiri nəzərə alınır. SİF olaraq kredit təşkilatlarından əlavə müxtəlif assosiasiyalarla, sahibkar klubları ilə əməkdaşlıq edir, həmin təşkilatların üzvləri ilə mütəmadi görüşlər keçiririk", - deyə O.Xaliyev əlavə edib.
"Fond 2022-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini güzəştli kreditlərlə dəstəkl əyir. İndiyədək həmin ərazilərdə fəaliyyət göstərən 7 layihəyə ümumilikdə 14 milyon manatdan çox güzəştli kredit verilib.
Vurğulamaq istəyirəm ki, güzəştli kreditlər üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlərdə işğaldan azad edilmiş ərazilərə xüsusi yanaşma var. Belə ki, bu ərazilərdə xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar da güzəştli kreditlərdən yararlana bilərlər", - o deyib.
O.Xaliyev bildirib ki, bu ilin fevral ayından etibarən Fond həmin ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə sahibkarlar üçün zəmanət və subsidiya mexanizminin tətbiqinə başlayıb.
"Bu mexanizm çərçivəsində işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir", - o deyib.
Fond sədri sahibkarların, həmçinin, bu kreditlər üzrə subsidiyadan yararlana biləcəyini qeyd edib. Həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısınadək dövrü əhatə etməklə, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
"Bu mexanizmə işğaldan azad edilmiş ərazilərdə qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar müraciət edə bilərlər. Mexanizmə müraciətlərin qəbulu üçün "Elektron kredit və zəmanət” informasiya sistemi yaradılıb. Beləliklə, sahibkarlar müvəkkil kredit təşkilatlarına və ya Fonda yaxınlaşmadan, elektron qaydada müraciətlərini ünvanlaya bilərlər", - deyə o əlavə edib.
O.Xaliyev vurğulayıb ki, SİF-in strateji hədəfləri arasında güzəştli maliyyə mexanizmlərinin sahibkarlar üçün əlçatan olması yer tutur.
O qeyd edib ki, elektronlaşmanın sahibkarlar üçün ən böyük faydalarından biri maliyyə resurslarına əlçatanlığın artmasıdır.
"Güzəştli maliyyə mexanizmlərinin sahibkarlar üçün əlçatan olması isə Fondun fəaliyyət strategiyasında əsas hədəflərdəndir. Belə ki, zəmanət və subsidiya mexanizmində olduğu kimi, güzəştli kredit mexanizmindən yararlanmaq üçün də sahibkarların müvəkkil kredit təşkilatlarının filiallarına üz tutmadan "Elektron kredit və zəmanət” informasiya sistemi vasitəsilə müraciət edə bilməsi istiqamətində çalışırıq. Hazırda bununla əlaqədar işlər yekunlaşmaq üzrədir.
Elektron platformanın üstünlükləri yalnız onlayn müraciət imkanı ilə məhdudlaşmır. Burada sahibkar öz müraciətinin statusunu daimi izləmək imkanı əldə edir. Bundan əlavə, informasiya sistemi Elektron Hökümət portalı ilə inteqrasiya olunduğu üçün sahibkarların kredit müraciətləri üzrə digər dövlət qurumlarından təqdim etməli olduğu sənədləri vahid bazadan əldə edə bilirik.
Bu da sahibkarın təqdim etməli olduğu sənədlərin sayının azalması deməkdir. Düşünürəm ki, elektron informasiya sisteminin üstünlükləri sahibkarların güzəştli maliyyə resurslarına əlçatanlığını artırmaqla yanaşı, şəffaflığı təmin etməklə dövlət və özəl sektor arasında qarşılıqlı inam mühitinin inkişafına öz töhfəsini verəcək", - Fond sədri deyib.
Xatırladaq ki, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 193,8 milyon manat güzəştli kredit ayrılıb.