222 Arxiv
Xəbərlər

Geri

Binə qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri keçirilmişdir 18.03.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 mart 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilmiş müşavirədə Bakı qəsəbələrində sahibkarlığın inkişafı istiqamətində zəruri tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdir.

Dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu martın 18-də Binə qəsəbəsində "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirmişdir. Tədbirdə şəhərətrafı qəsəbələrdə fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbir çərçivəsində sahibkarlar üçün güzəştli kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunmasına dair maarifləndirici treninq keçirilmiş, həmçinin müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş, sahibkarlara metodiki materiallar paylanmışdır.

Tədbirdə Bakı qəsəbələrinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun, illik istehsal gücü 2 min ton olan müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının və faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əliəkbər Heydərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində rayonda görülmüş işlər barədə məlumat vermiş, dövlət başçısının tapşırıqlarının icrasının Bakı qəsəbələrinin inkişafına təkan olacağını bildirmişdir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkədə aparılan çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında məqsədli dövlət proqramlarında Bakı şəhərini və qəsəbələrini əhatə edən tədbirlər və onların icrası, həmçinin görüləcək işlər barədə danışmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlət başçısının İqtisadi İnkişaf Nazirliyinə verdiyi tapşırıqlara uyğun olaraq Bakı qəsəbələrində dövlətin güzəştli kredit vəsaitləri hesabına maliyyələşdirilməsi prioritet hesab olunan sahələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, Fondun güzəştli kreditləri hesabına şəhərətrafı qəsəbələrdə fəaliyyət göstərən sahibkarların intensiv zeytunçuluq təsərrüfatlarının yaradılması və müasir tələblərə cavab verən   zeytun emalı və qablaşdırılması müəssisəsinin tikintisi, zəfərançılıq təsərrüfatlarının yaradılması, emalı və qablaşdırılması, müasir tələblərə cavab verən kiçik və orta həcmli çörək istehsalı müəssisələrinin yaradılması, quşçuluq təsərrüfatlarının yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, emal sahələrinin, müasir texnologiyaların tətbiqi ilə istixanaların (istixana şəraitində faraş tərəvəz istehsalı və çiçəklərin yetişdirilməsi) yaradılması, həmçinin kiçik sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin dəstəklənməsi layihələrinin reallaşdırılması nəzərdə tutulur. Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına respublikada həyata keçirilən və müasir texnologiyaların tətbiqinə əsaslanan layihələr barədə də tədbir iştirakçılarına ətraflı məlumat vermiş, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə şəhərətrafı qəsəbələrdə fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 2,2 milyon manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 190-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə çıxış edən sahibkarlar Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirlərini davam etdirəcəkdir.