135 Arxiv
Xəbərlər

Geri

Güzəştli kreditlər üzrə Kiçik Kredit Skorinq Modelinin tətbiqinə başlanılıb 27.05.2022 / Mühüm hadisələr

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə onlayn maarifləndirici təlim keçirib.

Təlimdə Kiçik Kredit Skorinq Modelinin (KKSM) təqdimatı keçirilib, üstünlükləri və tətbiqi barədə ətraflı məlumat verilib. Bildirilib ki, KKSM kredit məbləği 200 min manat və ondan az olan müraciətlər üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinə dair təqdim edilmiş məlumatların emalını, nəticələrinin təhlilini və rəy verilməsini təmin edən avtomatlaşdırılmış modeldir.

Skorinq modelinin tətbiqi nəticəsində proqnoz maliyyə planları Fond tərəfindən formalaşdırılaraq qiymətləndiriləcək və bununla da, kredit təşkilatları tərəfindən həmin hesabatların hazırlanmasına sərf olunan vaxta qənaət ediləcək. Bundan əlavə, KKSM investisiya layihələrinin ekspertizası prosesinin sadələşdirilməsi, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi, kredit müraciətləri üzrə aparılan ekspertizanın keyfiyyətinin və səmərəliliyinin artırılması, investisiya layihələrinin təhlilində vahid yanaşmanın tətbiqinə imkan verəcək.

Gələcəkdə 200 min manatdan yuxarı kreditlər üzrə də skorinq modelinin tətbiqi nəzərdə tutulur.

Sonda kredit təşkilatları tərəfindən investisiya layihəsinə dair məlumat formasının hazırlanması əyani olaraq iştirakçılara nümayiş etdirilib, suallar cavablandırılıb.