Geri
Oktyabrın 28-də Sahibkarlığın İnkişafı Fondu ilə Türkiyənin Kiçik və Orta Biznesin İnkişafı və Dəstəklənməsi İdarəsinin (KOSGEB) nümayəndələri arasında görüş keçirilib.
Görüş zamanı sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi sahəsində Türkiyə təcrübəsi, eyni zamanda investisiyaların təşviqi, dövlət zəmanəti mexanizmi və texnoparkların yaradılması istiqamətində KOSGEB tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
KOSGEB sədri Hasan Basri Kurt alternativ maliyyələşmə mexanizmlərinin əhəmiyyətini vurğulayıb, faktorinq, lizinq kimi maliyyə alətlərinin tətbiqi barədə təcrübələrini bölüşüb. Qeyd edilib ki, hazırda kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsi aktual məsələlərdəndir və iqtisadi inkişaf üçün KOB-lara maliyyə dəstəyinin göstərilməsi prioritet hesab olunur. Startaplar da bu mənada istisna təşkil etmir və bu gün əsas fokus texnoloji startapların inkişafına yönəlməlidir.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Osman Xaliyev Fondun mövcud maliyyələşmə mexanizmləri barədə məlumat verib və birgə əməkdaşlığın sahibkarlığın inkişafına töhfə verəcəyini vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondu və KOSGEB arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər arasında birgə əməkdaşlığın gələcək perspektivlərini özündə əks etdirən Fəaliyyət Planı təsdiq edilib və hazırda icrası ilə bağlı işlər davam etdirilir.