134 Arxiv
Xəbərlər

Geri

Korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin ölkəmizdə təbliğinə dair sənəd imzalanıb 22.10.2021 / Əməkdaşlıq

BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş “COP26 – hər kəs üçün daha parlaq gələcəyin təminatı” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumları, diplomatik missiyaların, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak ediblər. 

Tədbir çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlığın İnkişafı Fondu (SİF) və BMT-nin Azərbaycan Nümayəndəliyi arasında, korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin birgə təbliğinə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, SİF-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xalıyev imzalayıblar.

Sənədə əsasən, müvafiq qurumlar korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin yerli sahibkarlar arasında təbliği istiqamətində birgə səylərini gücləndirəcək və müvafiq tədbirlər həyata keçirəcəklər. Birgə əməkdaşlığa sahibkarların və biznes assosiasiyaların korporativ dayanıqlılıq və BMT-nin Qlobal Sazişi haqqında məlumatlandırılması, ətraf mühit, sosial və korporativ idarəetmə prinsiplərinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq qurumların fəaliyyət proseslərinə inteqrasiya edilməsi, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla qurumların əməkdaşlarının sahəvi bacarıqlarının artırılması və s. nəzərdə tutulur.