Geri
Sentyabrın 11-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib. 450-ə yaxın iştirakçının qatıldığı vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, İqtisadiyyat naziri Mikayıl Cabbarov “İdarəçi rəhbər və təcrübə” mövzusunda təqdimatla çıxış edib.
Mikayıl Cabbarov “Yüksəliş” layihəsinin əhəmiyyəti barədə məlumat verib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan rəhbər şəxslərin müəyyən edilməsində, zəngin kadr resurslarının yaradılmasında mühüm rolunu qeyd edib.
İqtisadiyyat naziri idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı üçün vacib olan amillərlə bağlı fikirlərini bölüşüb. Vebinarda həmçinin, idarəçi rəhbərlərin təcrübədə qarşılaşdıqları məqamlar barədə məlumat verilib, müxtəlif qurumlarda müəyyən edilmiş hədəflər, məqsədə çatmaq üçün istifadə olunan metodlar, təcrübə əsasında əldə edilmiş müsbət nəticələr diqqətə çatdırılıb. Yeni yanaşmaların tətbiqinin faydalı nəticələri, şəffaflığın təminatı üçün istifadə olunan müasir alətlər, innovativ yanaşmalara əsaslanan həllər, mövcud resursların daha səmərəli istifadəsi üçün istifadə olunan mexanizmlər, geniş və əhatəli sistemlərdə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, böhran zamanı idarəetmənin xüsusiyyətləri izah olunub. Vurğulanıb ki, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyət idarəçilərin uğur hekayələrinin və qazanılmış nailiyyətlərin əsas fəlsəfəsini təşkil edir. Zaman keçdikcə əmək bazarı üçün yeni tələblər yaranır və idarəçilər üçün yeni obrazlar formalaşır. İdarəçi rəhbər olmağın formulunu isə, hər bir idarəçi özü müəyyən edir. Çünki hər kəsin iş fəaliyyətinə fərdi yanaşması və prinsipləri var. Bu formul hər bir idarəçinin öz uğur hekayəsinin fəlsəfəsi əsasında formalaşır.
Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.
“Yüksəliş” müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.