272 Arxiv
Xəbərlər

Geri

Zaqatalada sahibkarlara güzəştli kredit verilib 16.10.2019 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu oktyabrın 16-da Zaqatala rayonunda keçirib.

Forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq  təşkil edilib, Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.  

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının müəyyən etdiyi sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Sahibkarların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, 2019-cu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 134,1 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 4000-dən çox iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, bu dövrdə verilən güzəştli kreditlərin 65%-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.

İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və s. sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi forumda sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.