204 Arxiv
Xəbərlər

Geri

İmişlidə sahibkarlara güzəştli kreditlər verilib 20.09.2019 / Konfranslar, iclaslar

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Bu məqsədlə növbəti işgüzar forum sentyabın 20-də İmişli rayonunda təşkil edilib. Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin verilməsi mexanizmi barədə treninq keçirilib, İmişli rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan pambıq və süd emalı, çörək istehsalı müəssisələrinin, taxılçılıq, bağçılıq, tərəvəzçilik təsərrüfatlarının, müasir heyvandarlıq, taxıl anbarı komplekslərinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışan Sahib Məmmədov bu ilin ötən dövründə sahibkarların ümumi dəyəri 436 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 108 milyon manatadək güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3600-dən çox yeni iş yerinin yaradılmasına imkan yaratdığını bildirib.

Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 589,9 milyon manat güzəştli kredit verilib.  

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 767 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində İmişlidə güzəştli kredit ayrılmış iri fermer təsərrüfatına baxış keçirilib.