202 Arxiv
Xəbərlər

Geri

Lerikdə sahibkarlarla işgüzar forum keçirilib 12.09.2019 / Konfranslar, iclaslar

Sentyabrın 12-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşkilatçılığı ilə Lerikdə sahibkarlarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin alınması qaydaları barədə məlumat verilib, Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, kartofçuluq, arıçılıq, cins heyvandarlıq təsərrüfatının və meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.

Forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın inkişafı istiqamətində gördüyü işlər barədə danışan Sahib Məmmədov bu ilin ötən dövründə ümumi dəyəri 404,8 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 103 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 3500-dək yeni iş yerinin açılmasına imkan yaratdığını bildirib.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 456,4 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 125,7 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan güzəştli kredit ayrılmış turizm kompleksinə baxış keçirilib.