245 Arxiv
Xəbərlər

Geri

Şəmkirdə sahibkarlarla görüş keçirilib 25.07.2019 / Konfranslar, iclaslar

İyulun 25-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Şəmkirdə sahibkarlarla işgüzar forum keçirilib.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin əldə edilməsi mexanizmi barədə məlumat verilib, Şəmkir rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan aqroparkın, logistik mərkəzin, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalı və süd emalı müəssisələrinin, intensiv bağçılıq, üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın inkişafı və özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində gördüyü işlər barədə danışan Sahib Məmmədov bu ilin ötən dövründə 592 sahibkarın ümumi dəyəri 197,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan yaratdığını bildirib.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə sahibkarlığın rolu barədə danışıb.

İşgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 831 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik, çörək istehsalı, taxıl tədarükü və un istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir.

Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 276,9 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti ayrılmış taxıl tədarükü və un istehsalı müəssisəsinə baxış keçirilib.