386 Arxiv
Xəbərlər

Geri

“İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda Konfrans keçirilib 31.07.2019 / Yubileylər

İyulun 31-də Bakı Biznes Mərkəzində “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda Konfrans keçiriib.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri, sahibkarlar və startapçılar iştirak ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov  Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, digər sahələrdə olduğu kimi, özəl sektorun innovativ inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, sahibkarlığın sürətli inkişafına nail olunduğunu vurğulayıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində gördüyü işlər barədə danışan Sahib Məmmədov indiyədək Fond tərəfindən layihələrinin ümumi dəyəri 5,2 milyard manatdan çox olan 36 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verildiyini bildirib. Qeyd edilib ki, kreditlərin əsas hissəsi - 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına verilib. Güzəştli kreditlərin 74%-i regionların, 26%-i Bakı şəhərinin kənd və qəsəbələrinın payına düşür.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Abbasov Agentliyin “KOB Dostu” vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini, müxtəlif dəstək mexanizmlərinin, eləcə də “KOB evi”nin yaradılması, ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib.

Türkiyənin Kiçik və Orta Sahibkarlığın İnkişafı və Dəstəklənməsi Birliyinin (KOSGEB) İdarə Heyətinin sədr müavini Salih Tuna Şahin təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq həyata keçirildiyini qeyd edib.

Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov özəl sektorun inkişafı istiqamətində Konfederasiyanın gördüyü işlərdən danışıb.  

Konfransda çıxış edən sahibkarlar özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıya, çoxsaylı dəstək tədbirlərinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Tədbir çərçivəsində startapçılar layihələrinin təqdimatlarını ediblər. 

Sonda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən bir qrup sahibkar müxtəlif nominasiyalar - ixracın və yerli istehsalın inkişafı, sərhədboyu rayonlarda uğurlu fəaliyyət, qadın sahibkarlığın inkişafı, ucqar dağ kəndində fəaliyyət göstərən fermer, ən gənc sahibkar nominasiyaları üzrə diplomlarla təltif olunublar.