458 Arxiv
Xəbərlər

Geri

Qaxda dövlətin güzəştli kreditləri hesabına turizm obyektləri inşa edilir 28.06.2019 / Mühüm hadisələr

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyunun 28-də Qax rayonunda keçirilib. Forum çərçivəsində Qax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizminin inkişafı, bağçılıq, tütünçülük və arıçılıq təsərrüfatlarının, fındıq emalı müəssisəsinin, tütün qurutma kameralarının və ixtisaslaşdırımış “yaşıl market”in yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.  

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bildirilib ki, sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahib Məmmədov bu ilin ötən dövründə 493 sahibkarın ümumi dəyəri 176,5 milyon manat olan investisiya layihələrinə 47,9 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 1800-dən çox iş yerinin yaradılmasına imkan verdiyini qeyd edib.

İşgüzar forum çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 23 sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, turizm, heyvandarlıq, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 118,1 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Qaxda dövlətin güzəştli krediti ayrılan turizm mərkəzinə və arıçılıq təsərrüfatına baxış keçirilib.

Ümumilikdə, indiyədək turizmin inkişafı ilə bağlı 201 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 milyon manat dövlətin güzəştli krediti verilib.