228 Arxiv
Xəbərlər

Geri

Yevlaxda sahibkarlara güzəştli kredit verilmişdir 11.03.2011 / Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək, eyni zamanda regionlarda sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafını daha da stimullaşdırmaq məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlərini davam etdirir. 2011-ci ildə növbəti tədbir martın 11-də Yevlax şəhərində keçirilmişdir. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "AS İnşaat" MMC-nin illik istehsal gücü 16 min ton dəmir-beton konstruksiyaları olan tikinti materiallarının istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilmişdir.

Tədbirdə sahibkarlığın inkişafına dövlət dəstəyi  çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə videoçarx nümayiş etdirilmişdir.

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirmişdir. Qeyd olunmuşdur ki, sürətlə inkişaf edən ölkəmizin bütün regionlarında olduğu kimi, Yevlaxda da yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkədə aparılan çevik iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndiyini, davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdığını qeyd etmiş, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə kənd təsərrüfatı və yeyinti sənayesində bir sıra mal və avadanlıqların idxalda ƏDV-dən və gömrük rüsumundan azad olunması qeyri-neft ixracının genişlənməsi baxımından əhəmiyyətlidir.  

İqtisadi İnkişaf Nazirliyinin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində Yevlax rayonunda görülmüş və görüləcək işlər barədə məlumat vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına bölgələrdə, o cümlədən Aran iqtisadi rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 241 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 17 böyük və iri həcmli investisiya layihəsinin (5 müasir çörək istehsalı müəssisəsinin, 2 soyuducu anbar kompleksinin, südlük istiqamətli cins heyvandarlıq kompleksinin, müasir istixana kompleksinin, 3 quşçuluq təsərrüfatının, ət emalı (kəsim sexi), bitki mənşəli qida yağları istehsalı, mebel istehsalı, kağız və karton məmulatları istehsalı və 1 kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin yaradılması üzrə layihələrin) maliyyələşdirilməsinə 23 milyon manat güzəştli kredit vermişdir. Şirzad Abdullayev 2011-ci ildə Fondun güzəştli kredit vəsaitlərinin yönəldiləcəyi əsas sahələr barədə tədbir iştirakçılarını məlumatlandırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.

Sonra sahibkarlar üçün güzəştli kreditlərin əldə olunması proseduru, istifadə mexanizmi, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər paylanmış, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Tədbirdə Yevlax rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 3 istiqamət üzrə - gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun, illik istehsal gücü 2 min ton olan müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının və faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana kompleksinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən 35 sahibkarlıq subyektinə 418 min manat güzəştli kredit vəsaiti verilmişdir. Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri və iş adamlarının iştirakı ilə regionda sahibkarlığın gələcək inkişaf perspektivləri, güzəştli kreditlərin istifadəsində region iqtisadiyyatı üçün prioritet hesab olunan sahələr barədə müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri davam etdirilir.