Geri
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə aprelin 11-də Masallı rayonunda işgüzar forum keçirib.
Masallı Sənaye Məhəlləsində keçirilən forumda rayonun iqtisadi potensialına uyğun olaraq çayçılıq, bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, ixtisaslaşdırılmış “yaşıl market” və soyuducu anbar komplekslərinin, çay emalı müəssisəsinin və xalça fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar təqdim olunub.
İşgüzar forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov Fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2019-cu ilin ötən dövründə sahibkarlıq subyektlərinin ümumi dəyəri 88 milyon manat olan 183 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 870-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 3400-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 123,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 31 sahibkara 719 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, quşçuluq, əkinçilik, çörək istehsalı, turizm və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 50-dək iş yerinin açılması mümkün olacaq.
İşgüzar forum çərçivəsində Masallıda dövlətin güzəştli kreditlərindən yararlanmaqla 100 ha sahədə salınan çay plantasiyasına və çəltik emalı müəssisəsinə baxış keçirilib.
Qeyd edək ki, çayçılığın inkişafı ilə bağlı indiyədək 14 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 milyon manat güzəştli kredit verilib.