500 Arxiv
Xəbərlər

Geri

Şabran rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib 04.04.2019 / Mühüm hadisələr

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir.

Bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum aprelin 4-də Şabran rayonunda keçirilib. İşgüzar forum çərçivəsində Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, arıçılıq, istixana təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.   

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, bu ilin  I rübündə 143 sahibkarın ümumi dəyəri 84,5 milyon manat investisiya layihələrinin maliyyələşdirilməsinə 22,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 750-dən çox iş yerinin yaradılmasına imkan verir. Güzəştli kreditlərin 67,3%-i aqrar sektorun, 32,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına verilmişdir.

Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2635 investisiya layihəsinin maliyyələşdirilməsinə 203,3 milyon manat güzəştli kredit verilib.  

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 1,3 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süd emalı və ət kəsimi, bal istehsalı və qablaşdırılması və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Şabran rayonunun Ağalıq inzibati ərazisində dövlətin güzəştli krediti ayrılan aqroparka baxış keçirilib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcuq aqroparklatın genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması təşviq olunur. Artıq 22 aqropark fəaliyyət göstərir. Bu il ərzində daha 12 aqroparkın istifadəyə verilməsi nəzərədə tutulur. Aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına 160 milyon manat dövlətin güzəştli kreditləri verilib.